Sertifikatlaşdırma Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransının da əsas müzakirə mövzusuna çevrildi


Müəllimlər karyeraları dövründə ən həlledici dönəmdən keçirlər. Sevinclə təəssüf hisslərinin bir-birinə qarışdığı belə bir mərhələdə Bakı şəhərindəki təhsil işçilərinin ən qabaqcılları “Baku Marriot Hotel Boulevard” mehmanxanasına yığışaraq ötən ilin çatışmazlıqlarını, yeni tədris ilinin hədəflərini müzakirə etdilər. Təhsil işçilərinin ənənəvi sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, həmçinin millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV əməkdaşları iştirak edirdilər.

 

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.

 

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

 

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Təhsilin qarşısında 4 strateji məqsəd

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva hesabat məruzəsində bir çox məqamlara toxundu. Postpandemiya dövründə qarşıda duran vəzifələrin icrası ilə əlamətdar olan yeni dövrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verdi, islahatların tətbiqi vəziyyətindən danışdı.

 

M.Vəliyeva dedi ki, son bir ayda Bakıda 5122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib. Bu il ərzində paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyə prosesinə 41087 uşaq cəlb olunub, onların tərbiyəsi ilə 4299 müəllim məşğul olub.

 

M.Vəliyeva bildirdi ki, idarənin tabeliyinə 348 bağça keçib. Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb.

 

Bakıdakı ümumi təhsil müəssisələrində həyata keçirilən islahatlar çərçivəsində məktəblərin idarəetməsinə də önəm verilib. Məsələn, 39 direktor işə qəbul olunub. Onlardan biri şəhid və ya qazi ailələrinin üzvüdür.

 

Uğurlu kadrlarla yanaşı, işində uğur qazanmayanlar da olub ki, onların da barəsində tədbirlər görülüb. Belə ki, ötən 2021-2022-ci tədris ilində Bakı məktəblərində 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Cəzalandırılan direktor müavinləri arasında 56 nəfər işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.

 

Mehriban Vəliyeva buraxılış imtahanlarının nəticələrindən də danışdı. Rəqəmlərə istinad edən idarə müdiri IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmənin müşahidə olunduğunu dedi. 4 rayonda - Sabunçu, Qaradağ, Xəzər və Pirallahıda məktəblərin nəticələri aşağı olub. İdarə müdiri 2022-2023-cü tədris ilində həmin məktəblərə diqqətin artırılacağını da qeyd etdi.

 

Növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran əsas hədəflər isə bəllidir. Təhsilin qarşısında “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sinə istinad edərək müəyyənləşdirilmiş 4 strateji məqsəd var. Yeni dərs ilində də ümumi təhsildə səriştəəsaslı məzmun tətbiq olunacaq, təhsilalanlara rəqəmsal biliklər aşılanacaq.

 

Təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər görüləcək.

 

Hər yaşda bilikli, səriştəli, peşəkar müəllimlərimiz var

 

Elm və təhsil naziri Emin Əmrullayev ölkə təhsilinin son vəziyyətinə nəzər saldı. Həm müasir texnologiyaya əsaslanan təhsil infrastrukturunun yaradılması, həm də keyfiyyətli insan kapitalının hazırlanması prosesindən danışdı. Təhsilin ayrı-ayrı səviyyələri üzrə vacib yenilikləri dilə gətirdi.

 

E.Əmrullayev təhsildə uğurlarla yanaşı, mövcud problemlərdən də danışdı. Xüsusən, təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələrinə geniş yer ayırdı. Onun sözlərinə görə, sertifikasiyaya dəvət olunanlardan 10944 ibtidai sinif müəlliminin, yəni 98 faizinin iştirak etdiyi prosesin ilk mərhələsində uğur qazanan 8577 nəfər olub və bu rəqəm imtahan verənlərin 78 faizi deməkdir. Müsahibə mərhələsindən də keçərsə, 5599 müəllim, yəni müəllimlərin 51 faizi maaşının 10 faizi, 2978 nəfər, yəni müəllimlərin 27 faizi maaşının 35 faizi həcmində əlavə alacaq.

 

Uğurlu statistika kifayət qədər böyük olsa da, narahatlıq doğuran rəqəmlər də var. Məsələn, 52 müəllim 0-10 bal toplayıb. Məktəblərimizdə 21-29  bal toplayan 1530 nəfər müəllim işləyir.  İmtahan verənlərin 23 faizi 30-40 bal toplayanlardır. Ümumiyyətlə, təkmilləşdirilməsinə ehtiyac olanlar 2367  nəfərdir və onlar ibtidai sinif müəllimlərinin 22 faizini təşkil edirlər.

 

“Hər yaşda bilikli, səriştəli, peşəkar müəllimlərimiz var” deyən E.Əmrullayev sertifikasiyadan keçənlərin yaşa görə nəticələrinin təhlilini də açıqladı. Belə məlum oldu ki, sertifikasiya imtahanlarında 25-29 yaşlı təhsilverənlərin hamısı uğur qazanıb. 60 yaşını keçənlərin isə 68 faizinin nəticələri uğurludur: “60 yaşdan yuxarı olanlar arasında 51 bal toplayan 184 müəllimimiz var. Onlar da kompüterlə, eyni həyəcanla imtahan veriblər. Yaşına görə onlara fərqli mühit yaratmamışıq.Amma yenə də rəqəmlərin əks olunduğu cədvələ baxsaq, 40-55 yaş arası olanlar bizi daha çox narahat edir. Çünki onlar hələ 20 il təhsil sistemində çalışacaqlar. Hər il orta hesabla 120 uşağın həyatına təsir edəcəklər”.

 

Nazir sertifikasiya imtahanlarında ən çox nəzərə çarpan səhvlərə də diqqət çəkdi. Hərflərin ardıcıllığı, sözlərin düzgün yazılışı, ən sadə riyazi hesablamalara əsaslanan suallara verilən səhv cavablar narahatlıq doğurur: “Hələ də bəzi müəllimlər anbar sözünü “ambar”, asfalt sözünü asfald, şaftalını “şafdalı”, dastanı “dasdan” kimi yazır”.

 

Ancaq bunların ilkin nəticələr olduğunu da vurğulayan E.Əmrullayev belə problemlərin səbəblərinin araşdırılacağını da dedi: “Yəqin ki, müxtəlif səbəblər olacaq. İnanıram ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində müəllimlərin yarısından çoxunun minimum balı 25-28-dir. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu, aradan qaldırıla biləcək məsələdir”.

 

Təhsilverənlərin sertifikatlaşdırılmasında ikinci mərhələ də artıq start götürüb. Yeni tədris ili başlayanadək sertifikasiyanın müsahibə mərhələsinin də yekunlaşacağı gözlənilir. E.Əmrullayev müsahibələrin bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə üzbəüz olacağını dedi: “Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin”.

 

Zəif nəticə göstərən müəllimlər üçün isə növbəti il də sertifikasiya imtahanı keçiriləcək. Nazir onlarla bağlı həlledici qərar vermək üçün 1 il vaxt olduğunu dedi.

 

Ona görə də uğur qazanmayan və üzrsüz səbəbdən imtahanlarda iştirak etməyən müəllimlərə qanunun tələbləri çərçivəsində münasibət göstəriləcək. “Uğur qazanmayan və üzrsüz səbəbdən imtahanda iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu, qanunvericiliyin tələbidir”, - deyən nazir onların əvəzlənməsində problem olmayacağını, vakansiya olmadığı üçün 80-90 balla yerləşdirilə bilməyən namizədlərin  olduğunu bildirdi.

 

MİQ-də toplanılan balla sertifikasiya balları arasında oxşarlıqlar var

 

Sertifikasiya imtahanlarının nəticələrinin təhlili ilkin də olsa, müəyyən qənaət formalaşdırıb: “Hər halda, gəlinən nəticə onu deməyə əsas verir ki, müəllimlərin 80 faizə qədərinin minimal bilikləri ilə bağlı problemi yoxdur. 10-12 faizinin isə təkmilləşdirilməsinə ehtiyac var. Ümumilikdə, son illər ərzində müəllimlərin işə qəbulunun biliklə bağlı töhfəsi görülür. MİQ-də toplanılan balla sertifikasiya balları arasında oxşarlıqlar var. Sertifikatlaşdırmada bu qrup üzrə orta bal 63 təşkil edib. MİQ-dən keçib işə qəbul olunan müəllimlərin 79 faizi əməkhaqqının 35 faizi həcmində əlavə alacaq. MİQ-də iştirak etməyənlərin balları isə aşağı, təxminən, 39 olur. Hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə var”.

 

Bakı təhsilinin uğurluları

 

Konfransda Bakı məktəblərinin öz nailiyyəti ilə seçilən şagird və müəllimləri də söz aldı. Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, təhsilverənlərin sertifikasiya imtahanında maksimum bal toplayan, 129 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Jalə Mehdiyeva, Xaricdə Təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin məzunu Cəlil Cabbarlı, bu il ali məktəblərə qəbul imtahanında pedaqoji ixtisas üzrə yüksək nəticə göstərən, paytaxtdakı 262 nömrəli tam orta məktəbin məzunu Sürəyya Quliyeva, 234 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin məzunu, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Mehrac Quliyev öz uğur hekayələrində dövlətin onlara dəstəyindən danışdılar.

 

Konfrans şagirdlərin ifasında  “Gənclik himni” ilə başa çatdı.

 

Ruhiyyə DAŞSALAHLI