Bu ildən universitetdə daha iki ixtisas üzrə tədris ingilis dilində aparılacaq


Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin beynəlxalq səviyyədə tanınması üçün ciddi işlər görülüb. Məqsəd beynəlxalq əmək bazarının tələbələrinə cavab verən, o cümlədən BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi beynəlxalq qurumlarda çalışmaq üçün mütəxəssis hazırlığının həyata keçirilməsidir. İndiyə kimi “aqronomluq”, “iqtisadiyyat” və “dünya iqtisadiyyatı” ixtisasları üzrə ingilis dilində tədris aparılırdı.

 

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu tədris ilində isə   “topaqşünaslıq və aqrokimya”, “baytarlıq” ixtisasları üzrə də ingils bölməsində mütəxəssis hazırlığı həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bütün bunlar üçün universitetdə hərtərəfli şərait yaradılıb, ümumiyyətlə, xarici dillərdə tədris aparan müəllimlərin sayı artırılıb, onların pedaqoji fəaliyyəti stimullaşdırılıb. Təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, bu görüşü keçirməkdə məqsəd ingilis bölməsində dərs deyən müəllimlərin daha keyfiyyətli tədris aparmaları üçün mövcud durumu araşdırmaq, onların təklif və tövsiyyələrini dinləməkdir. İngilis dilində dərs deyən müəllimlər öz üzərində daha çox işləməli, beynəlxalq yenilikləri izləməli və olduqca mükəmməl çalışmalıdırlar.

 

Görüşdə çıxış edən gənc müəllimlər ingilis dilində tədrisin daha keyfiyyətli ararılması üçün təkliflər səsləndiriblər. Görüş qarşılıqlı dialoq şəklində başa çatıb.