Bakı Mühəndislik Universiteti (BMU) 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” - də təmsil olunub. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunan sərgidə BMU iki komanda ilə - “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə birinci yerin qalibi "RED" və “Turan” komandası ilə iştirak edib.

 

Universitetdən bildirilib ki, “ADEX”-də komandaların eyniadlı layihələri (“RED” və “Turan”) nümayiş olunub.

 

“RED” layihəsi hərbi maşınların döyüş bölgəsindəki əsgərlərə tibbi ləvazimatlar və qida məhsullarının çatdırılması zamanı hədəf mərkəzinə çevrilməsi və can itkisinin qarşısının alınmasına yönəlib. Bu səbəbdən “RED” layihəsi çərçivəsində döyüş şəraitində əsgərlərə qida və tibbi ləvazimat daşınması üçün nəzərdə tutulan və uzaqdan idarəetməli elektriklə işləyən sürücüsüz maşın modeli hazırlanıb. Komandanın məsləhətçisi BMU-nun Mexanika mühəndisliyi kafedrasının assistenti, mühəndislik fakültəsinin tyutoru Sahib Mütəllibovdur.

 

Hərbi məqsədlərə xidmət edən növbəti layihə əsasında isə “Turan” robotu hazırlanıb. Belə ki, çox məqsədli robot olan “Turan” mina axtarışında iştirak etmək imkanına malikdir. Eyni zamanda, üzərində yerləşən səs cihazı və kamera “Turan”ın kəşfiyyatlar zamanı istifadəsi üçün nəzərdə tutulub. Robot kəşfiyyatda olduğu vaxt yaralı əskər aşkar edərsə, onunla dialoqa girə, hətta bədən temperaturunu avtomatik bazaya göndərə bilər. "Turan" komandasının məsləhətçisi isə BMU-nun Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Asif Qanbayevdir.

 

Müasir silah və texnikaların nümayiş olunduğu “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirən beynəlxalq platformadır. Builki sərgiyə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət qatılıb.