Təhsil Nazirliyi tərəfindən elan edilən 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinə layihə təkliflərinin qəbul müddəti Təşkilat Komitəsinin qərarına əsasən 10 gün uzadılıb. Layihə təkliflərinin qəbulu üçün son tarix 16 mart 2018-ci il (saat 18:00-dək) müəyyən edilib.
 
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
 
Müsabiqə 9 mövzu -  təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması; pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı;  istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi; tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi; təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili üzrə keçirilir:
 
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytından qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməlidirlər.
 
Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə  100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.
 
Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.