Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni auditoriyanın – “UniLab” layihəsi çərçivəsində yaradılan Karyera və Təcrübə Mərkəzinin açılışı olub.  

 

Açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, bölmə rəhbərləri, İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin, həmçinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə ADNSU-nun rektoru M.Babanlıya “UniLab” layihəsi və bu beynəlxalq layihə çərçivəsində universitetlə partnyor şirkətlər arasında keçirilən görüşlər və görülən işlər haqqında ətraflı məlumat verilib.  Qeyd edilib ki, lazımi avadanlıqlarla təchiz edilmiş Karyera və Təcrübə Mərkəzində universitetin tələbə və məzunları üçün düzgün CV hazırlanması qaydaları, müsahibədə iştirak və digər işgüzar qaydalar haqqında partnyor müəssisələrin mütəxəssislərinin təlimləri və seminarları da təşkil olunacaq.

 

ADNSU-nun rektoru M.Babanlı ali məktəbin beynəlxalq layihələrdəki uğurlu iştirakından danışıb və “UniLab” layihəsi çərçivəsində görülən işlərin müasir əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasında, eyni zamanda müəssisələrin ehtiyacı olan mütəxəssislərin cəlb olunmasında və şirkətlərlə əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığnı vurğulayıb. Karyera və Təcrübə Mərkəzinin yeni tədris ilindən tələbələrin istifadəsinə veriləcəyini bildirən rektor  mərkəzin gənclərin iş imkanları və karyera yüksəlişinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu deyib.

 

Qeyd edək ki, ADNSU Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “UniLab -XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə 2020-ci il yanvarın  1-dən etibarən qoşulub. “UniLab” (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada   ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.