Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Azərbaycanın Milli Qəhrəmanı, “Zəfər” ordenli Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı Əzizə Həmidova ilə görüşüb.

 

Əzizə bu il qəbul imtahanlarında iştirak edərək gözəl nəticə qazanıb və ali məktəb seçimlərində Pedaqoji Universitetin İbtidai sinif müəllimliyi ixtisasını seçib.

 

Rektor C.Cəfərov qeyd edib ki, Şükür Həmidov kimi igidlərimiz sayəsində bu gün vətənimiz azaddır:”Biz hər birimiz şəhidlərimizə borcluyuq və çox qürurluyuq ki, Milli Qəhrəmanımızın yadigarı təhsilini bizim universitetdə davam etdirəcək”.

 

Şükür Həmidovun ibrətamiz həyat yolundan danışan rektor onun Aprel döyüşlərində və Vətən müharibəsində göstərdiyi misilsiz şücaətlərdən söz açıb, qəhrəmanın bizlərə əmanət olan övladının ADPU-da yüksəkixtisaslı müəllim kimi yetişəcəyinə əminliyini ifadə edib.

 

Pedaqoji Universitetin ölkəmizin ən böyük, qədim və yüksək nüfuza malik universitetlərindən biri olduğunu vurğulayan C.Cəfərov bildirib ki, son illər ərzində aparılan məqsədyönlü dövlət siyasətinin və ADPU-da icra olunan islahatların nəticəsində müəllim peşəsinin nüfuzu sürətlə artır. Təsadüfi deyildir ki, cari ildə Pedaqoji Universitetin qəbul planı tam dolub, universitetə kifayət qədər yüksək balla tələbə qəbul edilib. 

 

Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev də öz növbəsində Əzizəni təbrik edərək, onun ADPU-da təhsil alması üçün hərtərəfli tədris və zəngin tələbə mühitinin olduğunu vurğulayaraq, universitetin sosial həyatı haqqında məlumat verib.  

 

İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov fakültə haqqında danışaraq qəhrəmanımızın övladının əmin əllərdə olduğunu söyləyib.

 

Görüşdə iştirak edən Şükür Həmidovun qardaşı Əsəd Həmidov göstərilən yüksək diqqətə görə təşəkkür edərək bildirib ki, Əzizənin babası Nəriman Şükürov da, anası Könül xanım da müəllimdir. Əzizənin də müəllim olmasının qardaşının ən böyük arzusu olduğunu deyən Ə.Həmidov bunun üçün ən doğru seçimin Pedaqoji Universitet olduğunu qeyd edib.

 

Qəhrəmanımızın övladı Əzizə də öz növbəsində atasının torpaqlarımızın azadlığı uğrunda şəhid olduğunu və onun azad elədiyi bu müqəddəs vətənə daha yaxşı xidmət üçün əlindən gələni edəcəyini, təhsilində daim irəlidə olacağını vurğulayıb.