Tanınmış rəssam Nigar Nərimanbəyovanın  şagirdlərinin  əl işləri  Parisin “Villaqe Suisse” incəsənət şəhərciyində  nümayiş olunub. Şəhərciyin “İnternational Art”  qalereyasında  təşkil olunan  “Xəyal tətili” adlı tədbirin təşkilatçısı da elə “Qızıl kətan” mükafatçısı Nigar Nərimanbəyovanın özü olub. Tədbirdə istedadlı yeniyetmə rəssamlar Mədinə Abbaslı, Mədinə Qarayeva, Məryəm Qarayeva,Tahir Qarayev, Əli Həşimli, Cavid Həşimli, Fərəh Hacızadə, Əfruz Rəhimovanın bir -birindən maraqlı rəsmləri sərgilənib. Öz arzularını fırçaların dili ilə kətan üzərinə köçürən balaca rəssamların əl işləri ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb. Rəngarəng  mövzuları əhatə edən  illüstrasiyalar fərqli duyğuları və arzu-istəkləri ifadə edib. Yetirmələrinin yaradıcılıq nümunələrinin Paris kimi möhtəşəm bir şəhərdə nümayiş olunmasını onların gələcəkdə  rəssamlıq sənətində püxtələşmələri üçün böyük stimul yaradacağına əminliyini ifadə edən tanınmış rəssam bu missiyanı davam etdirəcəyini söyləyib.

 

Sifai SƏFƏROVA