Ümummilli lider Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik mücadiləsini daha da qüvvətləndirdi
1991-ci il 3 sentyabr. 31 il bundan əvvəl, görkəmli siyasi xadim Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün. Azərbaycan xalqı bu tarixi heç zaman unutmur. Çünki bu, ölkəmizin ağır sınaqlardan keçdiyi bir dövr idi. Müstəqillik mücadiləsi qarşıda çətin bir imtahan kimi dururdu. Azərbaycan suverenlik, azadlıq, demokratik idarəçilik uğrunda mürəkkəb bir yola çıxmışdı. Həmin vaxt Naxçıvan da siyasi baxımdan qaynar nöqtə idi. Burada milli dövlətçiliyin təməlləri atılır və bu prosesdə aparıcı lider kimi dünya şöhrətli siyasətçi Heydər Əliyev öndə dayanırdı. Niyə görə məhz Heydər Əliyev?
Çünki Heydər Əliyev Azərbaycanın müstəqilliyini israrla tələb edən, xalqın milli mübarizəsini var gücü ilə dəstəkləyən böyük lider idi. Bunun bariz misalı kimi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsini göstərmək olar. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etdi. Bu, tarixi bir qərar və gerçəkdən də qürur duyulası bir addım idi!
Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Böyük şəxsiyyət Heydər Əliyevin milli azadlıq mübarizəsinə böyük dəstəyi, ölkənin siyasi, iqtisadi müstəqilliyini tam müdafiə etməsi, Azərbaycan Xalq Cümhuriyyətinin daşıdığı əski simvolların bərpasını alqışlaması, xüsusilə təşəbbüskarlığı ortada idi. Xalq bu mövqeyinə görə ona böyük hörmət və rəğbət bəsləyirdi.
Əslində elə mürəkkəb proseslər baş verirdi ki, Heydər Əliyevi önə çıxarmaq, onun arxasınca getmək xalqın tək çıxış yolu idi. Söhbət SSRİ-nin dayaqlarının sarsıldığı, vahid iqtisadi məkanın çökdüyü dövrdən, bu çökmə ilə başlayan siyasi, iqtisadi problemlərdən gedir. İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi. İdarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan edirdi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası blokada şəraitində idi, sosial-iqtisadi durum bərbad şəkil almışdı. Hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Naxçıvanın güclü liderə ehtiyacı var idi. Bu lider, sözsüz ki, böyük siyasətçi Heydər Əliyev idi.
Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Azərbaycan xalqının mənafeyinə cavab verən siyasət də məhz bu idi! Heydər Əliyevin qazandığı etimad onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə yüksəltdi. Bununla da Azərbaycanın müstəqillik mücadiləsi daha da qüvvətlənmiş oldu.
Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. Fenomen şəxsiyyət Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Naxçıvanda başlayan milli qurtuluş öz hədəfinə çatdı. Milli dövlətçilik sağlam təməllər üzərinə qoyuldu. Heydər Əliyev SSRİ dönəmindəki fəaliyyətində ölkəsinin rifahı üçün necə çalışmışdısa, daha artıq şəkildə bu fəaliyyəti Azərbaycanın müstəqillik illərində göstərdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi və gərgin fəaliyyəti ilə muxtar respublikada sabitlik təmin edildi. Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Özü də bu fəaliyyət rahat kabinetlərdə aparılmır, əksinə çətin şəraitdə yerinə yetirilirdi. Heydər Əliyevin özünün dəfələrlə dediyi kimi, Naxçıvanın elektrik enerjisindən çətinlik çəkdiyi vaxtlarda, qaranlıq otaqlarda; muxtar respublikanın inkişafına dair işlər şam işığında görülürdü.
Təsəvvür edin, ölkə müharibə şəraitindədir, sənaye məhsulları çatışmır, elektrik enerjisi demək olar yoxdur, sosial-iqtisadi durum get-gedə kəskinləşir və belə bir vəziyyəti xalqın xeyrinə dəyişmək lazımdır. Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar yarandı. Blokada şəraitində olan muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Ümummilli lider Heydər Əliyev milli ideyalara sədaqət nümayiş etdirdi. Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi, 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.
Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan üçün yalnız inkişaf istiqaməti seçdi və bunu bacardı. Nəhəng layihələrə imza atdı. Xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri isə Azərbaycan dövlətçiliyini məhv etmək, ölkəmizi parçalamaq istəyən qüvvələrə yaşatdığı məğlubiyyət açısı, xalqına bəxş etdiyi qələbə, etibarlı sabitlik idi.
Ona görə də həm xalqı, həm də dünya bu əvəzsiz tarixi şəxsiyyəti Azərbaycanın memarı, xilaskarı, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi kimi qəbul etdi. Böyük azərbaycanlı Heydər Əliyev xalqın Ümummilli Lideri, Ulu Öndəri kimi ən uca zirvəyə yüksəldi.
V.ALLAHVERDİYEA