Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Xərçəngdə tüpürcək biomarkerləri” (“Salivary biomarkers in cancer”) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 5.394) “Advances in Clinical Chemistry” jurnalında fəsil kimi çap olunub.
BDU-dan bildirilib ki, qeyd olunan elmi işdə xərçəng xəstəliyinin diaqnostikası üçün tüpürcək biomarkerlərinin istifadəsindən bəhs edilir. Tüpürcək kliniki əhəmiyyət kəsb edən biomarkerləri aşkarlamaq üçün istifadə oluna və asanlıqla əldə edilə bilən, qeyri-invaziv və ucuz qiymətə olan nümunədir. Proteomika, transkriptomika, metabolomika və mikrobiomikanı əhatə edən tüpürcək əsaslı “omiks” texnologiyaları sürətlə inkişaf edib və maye biopsiyası, nanoelmdə diaqnostik məqsədlə tətbiq oluna bilər. Analitik üsullardakı irəliləyişlər tüpürcəyin yalnız ağız boşluğundan bütün fizioloji sistemə və müvafiq olaraq fərdiləşdirilmiş təbabətə qədər tətbiq sahəsini artırıb. Bütün bunları nəzərə alaraq, qeyd olunan elmi işdə tüpürcəkdə biomarkerləri müəyyən etmək üçün analitik yanaşmalardakı son nailiyyətlər və onların xərçəngə diqqət yetirməklə diaqnostik, proqnoz və terapevtik markerlər kimi potensial istifadəsi araşdırılıb.
Elmi işlə aşağıdakı linkdə tanış olmaq olar:
https://www.sciencedirect.com/science/article/abs/pii/S0065242322000476