Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov bariatrik cərrahiyyə üzrə dünya miqyaslı konfransda ölkəmizi təmsil edib. ATU əməkdaşı IFSO-nun (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) növbəti illik toplantısında poster təqdimatla çıxış edib. 

 

Bariatrik və metabolik cərrahların beynəlxalq təşkilatı olan IFSO dünyanın fərqli ölkəsindən yüzlərlə mütəxəssisi, 70-dən çox milli təşkilatı özündə birləşdirir. Qurumun Mayamidə keçirilən 25-ci toplantısında çıxış edən T.Ömərov mədənin boylama rezeksiyası zamanı yaranan fəsadların profilaktikası məqsədilə uzun illərdir tətbiq  etdiyimiz metodun müqayisəli təhlilindən bəhs edib. 

 

Qeyd edək ki, T.Ömərova məxsus Laparoskopik bariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası  -“Aşırı piylənməsi olan xəstələrdə Bariatrik-Metabolik cərrahi müalicənin optimallaşdırılması” metodu üçün Avrasiya Patent Təşkilatı (Euroasian Patent Organization) patent alıb, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization, WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib.  Ölkəmizdə ilk bariatrik metabolik cərrahi əməliyyatları aparan cərrahlardan olan T.Ömərov 2014-cü ildə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar dərnəyinin yaradıcılarındandır. 

 

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri T.Ömərovun bu metodu piylənmədən əziyyət çəkən pasiyentlərin artıq çəkidən qurtulması üçün icra edilən cərrahiyyə əməliyyatları zamanı istifadə olunur. İndiyədək dünyanın bir çox nəşrlərində cərrah T.Ömərovun 2013-2017-ci illərdə hazırladığı bu metod barədə elmi məqalələr dərc olunub.