Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında icra edilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində növbəti onlayn mühazirə dinlənilib.

 

Mühazirə Koreyanın Hanbat Milli Universitetinin sənaye-universitet əməkdaşlığı üzrə vitse-prezidenti, professor Young in Çoi tərəfindən təqdim edilib.

 

Tədbirdə koreyalı professor “İdeya, ehtiyac və bacarıq” (INC) modeli haqqında məlumat verərək, texnologiya-məhsul-bazar əlaqələri, texnologiyaların kommersiyalaşdırılmasının metodologiyası və sahibkarlıq təhsili, eləcə də sahibkarlıqda “ölüm vadisini” keçməyin yollarına dair təcrübələrini bölüşüb.

 

Mövzularla bağlı praktik təlimlərin koreyalı mütəxəssislərin iştirakı ilə oktyabr ayında Bakıda keçiriləcək seminarda təşkil olunması qərara alınıb.  

 

Qeyd edək ki, professor Young in Çoi Koreya və ABŞ-da doktorantura təhsili alıb, Şimali Karolina Dövlət Universitetində İnnovasiya İdarəetmə Araşdırmaları Mərkəzində (CIMS) dəvətli alim kimi çalışıb. O, 7 il ərzində 2000 yeni texnologiya əsaslı firmadan (NTBF) ibarət olan DIVA-nın (Daedeok Innopolis Venture Association) direktoru olub və hazırda bir çox vençur şirkətlərinin idarə heyətinin üzvü kimi fəaliyyət göstərir. Professor Çoi, 2017-2018-ci illərdə İnsan Resurslarının İnkişafı Akademiyasının baş direktoru, prezidenti və 2019-2020-ci illərdə Koreya İnnovasiya Klaster Akademiyasının baş direktoru vəzifələrində çalışıb. İnkişaf etməkdə olan  bir çox ölkələrdə innovasiyalar üzrə milli siyasətin formalaşmasında ekspert kimi iştirak edib. Alimin tədqiqat sahələri texnologiyanın kommersiyalaşdırılması, sahibkarlıq təhsili, innovasiya klasteri və texnoparklardır. Young in Çoi innovasiya, texnologiyanın idarə edilməsi və siyasətlə bağlı 100-ə yaxın məqalə və 15 kitabın müəllifidir. 

 

Xatırladırıq ki, 2022-2024-cü illərdə həyata keçiriləcək "Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması" layihəsi YTP ilə Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu tərəfindən yerinə yetirilir. Layihə texnoparkın əməliyyat potensialını və rəqabət qabiliyyətini əsas təlim proqramları vasitəsilə gücləndirməyi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılmasına və inkişafına dəstək verməyi,  eləcə də istismar təcrübəsini artırmağı hədəfləyir.