Avqustun 29-da elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

 

Görüşdə direktorların fəaliyyəti, valideyn-məktəb münasibəti və digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin təhsil sahəsinin mövcud problemləri və həlli istiqamətində fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə olunub.

 

Emin Əmrullayev məktəblərin qarşısında dayanan yeni çağırışlar, məktəb-icma münasibətləri, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, məktəb direktorlarının üzərinə düşən öhdəliklər, təhsilverənlərin sertifikatlaşdırılması mövzularında fikirlərini bölüşüb.

 

Görüşün sonunda direktorların çoxsaylı sualları cavablandırılıb.

 

Elm və təhsili naziri Sumqayıt şəhərinə səfəri çərçivəsində 31 nömrəli tam orta məktəbdə keçirilən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanlarını da izləyib. Bildirilib ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilib. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılıb. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.