Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Bilkənt Universitetinin Beynəlxalq Nanotexnologiya Tədqiqat Mərkəzində (Ulusal Nanoteknoloji Araştırma Merkezi  (UNAM)) aparılan tədqiqat işləri ilə tanış olub.

 

E.Babayev rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib, BDU-da təhsil və tədris prosesindəki yenilik, innovasiya və elmi-tədqiqatlar barədə danışıb.

 

Görüşdə qeyd olunub ki, Bilkənt Universitetinin Beynəlxalq Nanotexnologiya Tədqiqat Mərkəzi nanologiya və nanotexnologiya sahəsində elektrik və elektron mühəndisliyi, maşınqayırma, fizika, kimya və molekulyar biologiya kimi fənlərdə beynəlxalq elmi və texnoloji mükəmməlliyi inkişaf etdirmək üçün 2007-ci ildə milli laboratoriya kimi yaradılıb. Mərkəz 1800-dən çox istifadəçi üçün milli laboratoriya kimi fəaliyyət göstərir, 118 akademik universitet və 114 sənaye şirkəti ilə əməkdaşlıq edir.

 

Görüş zamanı akademik və elmi əlaqələrin genişləndirilməsi, təhsil sahəsində əməkdaşlığın perspektivləri, birgə tədqiqatların aparılması müzakirə olunub.