Aprel döyüşlərinin şəhidi mayor Elnur Əliyevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə I Respublika turniri keçirilib. Azərbaycan Güləş Federasiyasının, Füzuli rayon İcra Hakimiyyətinin, eləcə də  Füzuli  Rayon  Gənclər  və  İdman İdarəsinin birgə təşkilatçılığı baş tutan turnir Füzuli rayonunun  11 saylı Qayıdış qəsəbəsində keçirilib. Tədbirin açılış mərasimində rayon icra hakimiyyətinin  nümayəndələri, Milli Məclisin üzvləri, şəhid ailələri və ictimai fəallar iştirak ediblər. Öncə Dövlət  himni səsləndirilib və şəhidin müqəddəs ruhu yad edilib.

 

Rəsmi hissədə çıxışlar dinlənilib. Qeyd olunub ki, vətən uğrunda canını qurban verən qəhrəmanlarımızdan biri də Füzuli rayonunun  Dədəli kəndində dünyaya göz açan mayor Elnur Əliyev olub. O, ağır döyüşlərin birində əsgər yoldaşlarının həyatını xilas etmək üçün düşmən tərəfdən atılan qumbaranın üstünə atılaraq qəhrəmancasına həlak olub və ölümündən sonar “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

       

Çıxışlardan sonra turnirə start verilib. Ölkəmizin müxtəlif guşələrini təmsil edən 150  idmançının iştirak etdiyi  turnirdə  Füzuli güləşçiləri  I, Cəlilabad güləşçiləri II, İmişli güləşçiləri isə III yerlərə layiq görülüblər. Sonda qaliblər medal və mükafatlarla təltif olunublar.

 

Qeyd edək ki, yarışda ən önəmli  məqam bu idi ki, şəhid  Elnur Əliyevin  güləşçi oğlu Elxan Əlizadə  öz çəki dərəcəsi üzrə rəqiblərini üstələyərək, I yerə layiq görülüb.

 

Sifai SƏFƏROVA