Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfrans (COIA-2022) öz işinə başlayıb.
BDU-dan verilən məlumata görə, ənənəvi təşkil olunan və 3 gün davam edəcək tədbir idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və təcrübəçilərin elmi nəticələri müzakirə etmələri, fikir mübadiləsi aparmaları üçün faydalı platforma rolunu oynayır.
COIA konfranslar silsiləsi 2005-ci ildə Azərbaycanda start götürüb; 2005, 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda, 2011-ci ildə Türkiyədə – Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstanda – Sofiya Texniki Universitetində keçirilib. Beynəlxalq tədbir Bakıda 6-cı dəfədir təşkil olunur.
“Hilton” oteldə keçirilən konfransın açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev öz siyasətində elm, təhsil, ixtisaslı kadrların hazırlığı istiqamətini mühüm hesab edir. Bunun nəticəsidir ki, Azərbaycanda ölkənin davamlı iqtisadi-siyasi inkişafı üçün ixracyönümlü, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalı əsas məsələlərdəndir. Nazir müavini əlavə edib ki, “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” beynəlxalq konfransı uzun illərdir uğurla təşkil olunur. Böyük nüfuz qazanmış tədbir elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin və əməkdaşlığın yaradılması, birgə elmi tədqiqatların həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məqsədlərə xidmət edir.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək bildirib ki, Azərbaycanda dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır. Hazırda BDU-da 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, bir neçə elmi-tədqiqat laboratoriyası, elmi kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 lisey fəaliyyət göstərir.
BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun kreativ düşüncəli mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, Fransa, İsrail, İsveç, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl 8 universitet və institutu ilə bakalavriat, magistratura, doktorantura pilləsi üzrə beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. Tələbələr elmi fəaliyyətdə fəal iştirak edirlər – yeni yaradılmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində BDU tələbələrinin bilavasitə iştirakı ilə müxtəlif layihələr həyata keçirilir. Təsadüfi deyil ki, BDU-nun sənaye müəssisələri ilə əlaqələrinin inkişafı nəticəsində son 2 ildə 30-a yaxın milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 80-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunub.
“Clarivate Analytics” şirkətinin InCites qiymətləndirmə sisteminin nəticələrinə görə, 2017-2021-ci illərdə Azərbaycanda çap olunmuş elmi işlərin ümumi sayında BDU-nun payı 20%, Azərbaycan Respublikasının bütün ali məktəblərində çap olunan elmi nəşrlərdə isə 40% təşkil edir. BDU-nun Hirş indeksi artıq 52-dir və hər bir əsərə istinadların orta sayı 6.09-a yüksəlib. Qeyd edək ki, 2016-cı ilin sonunda BDU-nun h-indeksi 29-a bərabər olub. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ötən il BDU Azərbaycandan yeganə universitet olaraq “Times Higher Education” beynəlxalq reytinqinə daxil edilib. Riyaziyyat, əsasən tətbiqi riyaziyyat və kompüter elmləri sahələri BDU-nun təbiət elmləri sahəsində 5 prioritetinə daxildir. Hazırda riyaziyyat üzrə elmi fəaliyyət üçün lazımi infrastruktura malik olan BDU-nun elmi-tədqiqat institutlarında və Mükəmməllik Mərkəzində bütün imkanlar yaradılır. BDU-nun əsas missiyası tələbələrin mürəkkəb problemlərin həllinə innovativ və yaradıcı yanaşmalarına imkan verəcək "Tədqiqat Universiteti" kontekstində təhsil və elmi tədqiqatların yenidən formalaşdırılmasıdır.
Açılış mərasimindən sonra beynəlxalq elmi konfransın bölmə iclasları BDU-da davam edib. COVID-19 pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda – onlayn və əyani şəkildə keçirilir. Tədbirdə 30-dək ölkənin (Azərbaycan, Türkiyə, ABŞ, Hindistan, Rusiya, İran, Ukrayna, Özbəkistan, Oman, Morokko, Qazaxıstan, Qırğızıstan, Misir və s.) tanınmış alimlərinin “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi sahələr üzrə məruzələri dinləniləcək.
Konfrans materialları “Web of Science” bazasına daxil ediləcək.