Bu il keçirilən sertifikatlaşdırmanın nəticələrinə əsasən heç bir müəllim işdən azad olunmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün təşkil olunan brifinqdə deyib.
O bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində keçid balını toplamış təhsilverənlərin vəzifə maaşına 10 faiz, keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı nəticə əldə edən təhsilverənlərin vəzifə maaşına 35 faiz artım edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Nəticələr təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
İki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olan sertifikatlaşdırmada ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) iştirak etməyəcəklər.