Bakı Dövlət Universitetinin biologiya fakültəsinin əməkdaşları Qızılağac və Hirkan Milli Parkında tədqiqat aparıblar. Tədqiqat zamanı son illər ətraf mühitdə baş verən təbii və antropogen dəyişikliklər, qlobal istiləşmə probleminin biomüxtəlifliyə təsiri və nəticədə yaranmış hazırkı vəziyyət müşahidə olunub. Qızılağac Milli Parkında Kiçik Qızılağac körfəzini Böyük Qızılağac körfəzi ilə birləşdirən Balıqötürən, Qəza və Kürütökmə kanallarında da müşahidələr aparılıb. Kiçik Körfəzə axan Viləş çayının deltasında sel vasitəsilə gələn münxtəlif növ ağac və kol bitkilərdən formalaşmış meşə örtüyü, formalaşan flora və fauna növləri kompleks parametrlər üzrə müqayisəli təhlil edilib. Tədqiqat müddətində, həmçinin Azərbaycan Respublikasının Qırmızı Kitabının 3-cü nəşrinə daxil edilməsi nəzərdə tutulan bitki və heyvan növlərinə aid materiallar da toplanılıb. Hirkan Milli Parkında Xanbulan dəryaçasına yaxın ərazilərdə flora və fauna növləri təhlil edilib. Ərazi üçün xarakterik olan endemik və relik flora və fauna növlərinə təbii və antropogen faktorların təsiri analiz olunub.