Bu tədris ilində universitetdə yeni açılışlar olacaq


Yeni dərs ilinə sayılı günlər qalıb. Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi hər il olduğu kimi bu tədris ilinə də ciddi hazırlaşıb. Bütün tədris korpuslarında quruculuq və abadlıq işləri həyata keçirilib. Görülən işlər ondan xəbər verir ki, təhsil müəssisəsi bu tədris ilinə keyfiyyətcə daha yeni formada başlayacaq. 

 

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sentyabrın 10-da sözügedən məsələ ilə bağlı bir neçə toplantı keçirib.   Toplantılarda rektor deyib ki, hər  tədris ilinə yeniliklərlə başlayan ADAU ailəsi növbəti tədris ilinə də böyük  səylə hazırlaşıb. Daim artmaqda olan dövlət qayğısı altında ADAU kollektivinin hər bir üzvü öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi özünə borc bilib.  Təbii ki, ADAU-da  bu tədris ilində də yeni açılışlar  olacaq. Rektor onu da əlavə edib ki, uğur işə məsuliyyətli yanaşmaqdan, ciddi intizamdan başlayır. Bu baxımdan biz öz səylərimizi daha da artırmaqla zamanın tələbinə uyğun şəkildə işləməliyik.

 

Rektorluğun geniş islasında isə İbrahim Cəfərov Aqronomluq, Baytarlıq təbabəti və zoomühəndislik, Aqrotexnologiya, Mühəndislik, İqtisadiyyat,  Aqrobiznes və idarəetmə tədris korpuslarında aparılan əsaslı və cari təmirlə bağlı məsul şəxslərin görülən işlərə dair məlumatlarını dinləyib, tapşırıq və tövsiyələrini verib.

 

Günün sonunda  rektor İbrahim Cəfərov alman menecment proqramı üzrə tədrisin təşkili və mövcud vəziyyətin təhlili ilə əlaqədar yığıncaq keçirib. Yığıncaqda tədrisin keyfiyyətinin daha da yaxşılaşması üçün təkliflər dinlənilib, geniş müzakirələr aparılıb. Həmçinin yeni dərs ilində bu istiqamətdə qarşıda duran məsələlərdən danışılıb. Rektor birmənalı şəkildə bildirib ki, bu istiqamətdə əsaslı uğur qazanmaqdan ötrü tədrisin metodologiyası dəyişməli, iş vahid proqram üzrə qurulmalı, praktik vərdişlərə daha çox üstünlük verilməlidir.