Bakı Mühəndilik Universiteti və Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramına (İDP) 2022/2023-ci tədris ili üzrə qəbul üçün təşkil olunacaq daxili imtahanlarla bağlı məlumatlandırma tədbiri keçirilib. Toplantıda universitetlər arasında ali təhsilin bakalavriat səviyyəsində İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə beynəlxalq ikili diplom proqramına müraciət etmiş və qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.

 

Məlumatlandırma tədbiri imtahan prosesinə nəzarət etmək məqsədilə İNHA Universitetindən ezam olunmuş 13 nəfərdən ibarət nümayəndə heyəti tərəfindən aparılıb. Əvvəlcə hər bir abituriyentə avqustun 14-də keçiriləcək daxili imtahanda iştirakının təsdiqedicisi kimi fərdi iş nömrəsinin əks olunduğu qolbaqlar paylanılıb. Sonra koreyalı mütəxəssislər tərəfindən imtahanda iştirak qaydaları ilə bağlı videotəlimat nümayiş etdirilib, onlara müvafiq prosedurlar ardıcıllıqla izah olunub, eyni zamanda namizədlərə bu qaydaların yer aldığı yaddaş vərəqələri paylanılıb.

 

İNHA universitetinin nümayəndə heyəti imtahan keçiriləcək otaqlar, imtahan hazırlıqları ilə də tanış olublar.

 

Məlumat üçün bildirək ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan beynəlxalq ikili diplom proqramında Azərbaycan Respublikasının vətəndaşı olan, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər iştirak edə bilər.