Həzrət Əzizli VIII muğam müsabiqəsinin birincisidir
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII muğam müsabiqəsinin final mərhələsi musiqi beşiyi olan Şuşada keçirilib. Tədbir Bülbülün ev-muzeyinin həyətində baş tutub. Öncə iştirakçılar torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xalq artisti Mənsum İbrahimovun ifasında səslənən “Qarabağ” mahnısı ilə mərasimə start verilib. Qarabağ xanəndəsi mərhum Xan Şuşinskinin ifasında səslənən “Şuşanın dağları” mahnısının lent yazısı musiqiçilərdə xoş ovqat yaradaraq bayram tədbirinə xüsusi rəng qatıb. Ağsaqqal münsif, Xalq artisti Arif Babayev final mərhələsinin iştirakçılarına xeyir-dua verib: “Şuşa Azərbaycan mədəniyyətinə böyük dühalar, musiqi xiridarları bəxş edib. Bu torpaq basılmazdır, biz onun qucağına yenə də gəldik və yenə də gələcəyik. Çox şükür ki, Qarabağ torpağının üstündəyik, Şuşadayıq, alınmaz bir qaladayıq. Biz burda daim yaşayıb-yaradacağıq. Şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirəm. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sağ ol deyirəm. Mehriban xanım dünyanın xeyirxah xanımları arasında birincidir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər görüb və onlardan biri də məhz muğam müsabiqəsidir. Bu, çox böyük işdir və inanırıq ki, muğamımız, muğamatımız etibarlı əllərdədir və həmişə yaşayacaq”.
Sonra finalçılara söz verilib. Gənc xanəndələr Fuad Əzizzadə, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Aynur Həsənxanova, Vüqar Əbilov, Pedram Rəncbər və Məftun Səfərli ilə yanaşı, azyaşlı ifaçılar Həzrət Əzizli, Fatimə Kərimova və Sabir Ağayevin çıxışları da dinlənilib, münsiflər heyətinin məşvərətindən sonra isə qaliblərin adları elan olunub.
Azyaşlı ifaçılar arasında birinci yerə Həzrət Əzizli, ikinci yerə Fatimə Kərimova, üçüncü yerə isə Sabir Ağayev layiq görülüblər. Yeri gəlmişkən qeyd edim ki, müsabiqənin ilkin mərhələlərində öz ecazkar səsilə münsiflərin diqqətini xüsusilə cəlb edən azyaşlı Həzrət Əzizli haqqında qəzetimizin əvvəlki saylarında geniş yazı ilə çıxış etmişdim və həmin yazıda ona böyük ümid bəslədiyimizi vurğulamışdım. O isə əminliklə söylədi ki, qalib olacağıma söz verirəm. Bəli, ümidlərimiz doğruldu və yeniyetmə ifaçı mətin iradəsi ilə qalib adını qazanaraq bizi sevindirdi.
Gənc xanəndələr arasında isə Fuad Əzizzadə birinci, Ülkər Abdullayeva və Aynur Həsənxanova ikinci, Daşqın Kürçaylı və Vüqar Əbilov isə üçüncü yerə layiq görülüblər. Münsiflərin qərarı ilə Pedram Rəncbərə və Məftun Səfərliyə həvəsləndirici mükafatlar verilib. Müsabiqənin digər iştirakçıları isə diplomlarla mükafatlandırılıblar.
Mükafatlandırma başa çatandan sonra müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi və Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu qalibləri təbrik ediblər. İlqar Fəhmi deyib ki, Azərbaycanda bu gün böyük bir sənətkarlar nəsli yetişməkdədir və gələcək mədəniyyətimiz məhz bu cür istedad sahibi olan gənclərin və azyaşlı uşaqların çiyinləri üzərində qurulacaq. Polad Bülbüloğlu da öz növbəsində belə bir möhtəşəm tədbirin musiqi paytaxtı Şuşada keçirilməyindən və bu coşqulu mərasimə dəvətli olduğundan məmnunluğunu ifadə edərək “Gülə-gülə”, “Şən Azərbaycan” mahnılarını ifa edib.
...Bəli, may ayının 10-da başlanan, Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı surətdə yayımlanan VIII MUĞAM MÜSABİQƏSİNƏ də beləcə yekun vurulub. Bu yarışma da öncəki yarışmalar kimi sübut etdi ki, Azərbaycanda mütəmadi olaraq yeni nəsil musiqi korifeyləri, ecazkar səs sahibləri yetişməkdədir, çünki Azərbaycanımız musiqimizin beşiyi, doğma Şuşamız isə “Muğamımızın paytaxtı”dır.
Sifai SƏFƏROVA