Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Huawei” şirkətinin təşkil etdiyi “Gələcəyin toxumları proqramı” (Seed For The Future) layihəsinin təntənəli bağlanış mərasimində iştirak edib. Tədbirdə Çinin Azərbaycandakı səfiri xanım Qo Min, “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Liu Tong və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ali təhsil müəssisələrinin rektorları və digər rəsmi şəxslər qatılıblar.
Layihədə 130-dan çox ölkənin 500-ə yaxın universitetindən tələbələr iştirak edib. Azərbaycandan olan 30 tələbənin 15-i isə BANM təmsilçiləri olub. Bunun çox sevindirici hal olduğunu vurğulayan rektor E.Qasımov bildirib ki, rəhbərlik etdiyi Ali Məktəb “Huawei” şirkəti ilə geniş əməkdaşlıq edir: “2019-cu ildə Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei” şirkəti ilə BANM arasında Anlaşma memorandumu imzalanıb. “Huawei” şirkəti Ali Məktəbdə tədris laboratoriyasının qurulmasına dəstək olub. Hazırda müvafiq ixtisaslarda təhsil alan tələbələrimiz qazandıqları nəzəri bilikləri həmin laboratoriyada praktiki olaraq tətbiq etmək imkanına malikdirlər”.
Layihə çərçivəsində keçirilən “Tech4Good” müsabiqəsində iştirak edən Azərbaycan tələbələrindən ibarət 3 komandadan yalnız biri – BANM-in 4 tələbəsinin təmsil olunduğu “9G” komandası qalib gəlib. Komandada BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Roman Tolstoşeyev, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri- Fidan Quliyeva, Sultanə Sultanova və Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Rəhimə Abbasova təmsil olunublar.
Eyni zamanda Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Roman Tolstoşeyev və Hüseyn Qəmbərov “Huawei” “Seeds Of The Future Alumni” sertifikatına və akademik nəticələrə görə “Huawei” şirkətindən xüsusi hədiyyələrə layiq görülüblər.
Qeyd edək ki, “Gələcəyin toxumları proqramı” yerli İKT bacarığını inkişaf etdirmək, biliyin ötürülməsi prosesini gücləndirmək, qabiliyyətli tələbələrin bacarıqlarını və həyat imkanlarını artırmaq məqsədi daşıyır.