Türkiyənin Yozqat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) ziyarət edib.
Qonaqla görüşən ADAU-nun rektoru, professor İbrahim Cəfərov universitetin xarici əlaqələri, ikili diplom proqramları və maddi-texniki bazası haqqında ətraflı məlumat verib. Sonra ADAU-nun tanıtım çarxı nümayiş olunub.
Yozqat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ öz növbəsində təmsil etdiyi qurum haqqında geniş məlumat verib. O, toxumçuluq sahəsində birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin önəminə toxunub.
Sonda hər iki rektor universitetlər arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Görüşdən sonra qonaq universitetin Biotexnologiya mərkəzi ilə tanış olub. Məlumat verilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış yeni Biotexnologiya mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətdə molekulyar analizlər həyata keçirilir.