Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında xarici ölkələrdən praktikaya gələn tələbələrlə görüş keçirilib. Görüşdə Birləşmiş Krallıq, Polşa, Sloveniya, Türkiyə, Yunanıstan və İspaniyadan olan gənclər iştirak ediblər.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı, bir sıra qurumlarla ortaq layihələr və müştərək elmi araşdırmalar barədə ətraflı məlumat verib. ATU-nun dünyanın bir sıra aparıcı universitetləri ilə imzaladığı əməkdaşlığa dair memorandumlar çərçivəsində həmin ali məktəblərlə uğurlu tələbə mübadiləsinin aparılmasının mümkün olduğunu qeyd edib. Prorektor 2020-ci ildə ATU ilə Həkimlər və Təbib Tələbələr Birliyi (AzerMDS) arasında əməkdaşlıq memorandumunun imzalandığını, bu əməkdaşlığın əsas istiqamətinin tələbələrin yay praktikasının təşkilindən ibarət olduğunu deyib.
Qeyd olunub ki, AzerMDS ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində bu il də əcnəbi tələbələr yay aylarında ATU-nun Tədris Cərrahiyyə Klinikasında yay praktikası keçiblər. Praktika proqramı klinikanın Ümumi Cərrahiyyə, Pediatrik Cərrahiyyə, Neyrocərrahiyyə, Neonatologiya, Travmatologiya və ortopediya, Ginekologiya və digər şöbələrində həyata keçirilib.
Avropanın müxtəlif ölkələrini təmsil edən tələbələr ATU-nun Tədris Cərrahiyyə Klinikasında praktikanın səmərəli olduğunu qeyd ediblər. Bu müddət ərzində əməliyyatlarda assistentlik etdiklərini, maraqlı təlimlərdə iştirakçı olduqlarını, tanınmış professorlardan dərs aldıqlarını, müasir tibbi mulyajlar üzərində işlədiklərini vurğulayıblar.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının tədris işləri üzrə müdir müavini, professor Davud Pənahov əcnəbi tələbələrin praktikasının gedişi haqqında danışıb. Onun sözlərinə görə, tələbələrin hər biri ayrılıqda ona təhkim edilmiş kuratorun köməyilə ATU həkimlərinin keçirdiyi mürəkkəb cərrahiyyə əməliyyatlarında iştirak ediblər, müayinə və müalicə proseslərini yaxından izləyiblər. Professor D.Pənahov qarşılıqlı əməkdaşlığın gələcəkdə müsbət nəticələr verəcəyinə əminliyini vurğulayıb.
Sonda ATU-nun məsul şəxsləri tərəfindən əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb.