AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə bu mövzuda beynəlxalq konfrans keçirilib


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan: islam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

 

AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, eləcə də Türkiyə və İrandan elm adamları iştirak ediblər.

 

Tədbir iştirakçıları öncə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

 

Açılışı “Naxçıvan” Universitetində  olan konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov açıb.

 

Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan: islam mədəniyyətinin yaşadıldığı məkan” mövzusunda məruzə  edib. Naxçıvanın  2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” seçildiyini deyən bu şəhərin bəşər sivilizasiyasının ilk məskənlərindən olmaqla, həm də dini-mədəni abidələrlə zəngin olduğunu söyləyib.

 

Naxçıvan şəhərinin qədim və zəngin tarixə malik olduğunu bildirən akademik vurğulayıb ki, burada ilkin şəhər mədəniyyətinin beş min illik tarixi var. “Bu ərazinin Böyük İpək Yolu üzərində yerləşməsi, şəhərin Yaxın və Orta Şərqin şəhərləri, eləcə də digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərib. Böyük İpək Yolu ilə hərəkət edən ticarət karvanları, bölgəyə gələn tacirlər, səyyahlar, alimlər Naxçıvanın bu inkişafını görüb, öz qeydlərində bu haqda bəhs ediblər.

 

Alim orta əsr mənbələrində Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatların olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə akademik Nailə Vəlixanlı “Bölgədə islam dini və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yeri və rolu”, İstanbul Universitetinin müəllimi, professor Oktay Belli “Naxçıvanda olan türk-islam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyəti”, Ərzurum Universitetinin “Sənətşünaslıq” kafedrasının müdiri, professor Hüseyn Yurttaş “İslam motivli tac qapıların quruluşunda Naxçıvanın rolu”,, Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı “XII-XIII əsrlər Arazətrafı Naxçıvan arxeoloji ehkamlarına dair təəssüratlar” mövzusunda məruzələri dinlənilib.

 

Beynəlxalq konfransda  “Naxçıvanda islam mədəniyyətinin tarixi”, “Naxçıvanın islam mədəniyyəti: arxeologiyası və memarlığı”, “Naxçıvanın islam mədəniyyəti ədəbiyyat və folklorda” və “Naxçıvanın islam mədəniyyəti mənbələrdə” adlı bölmələrdə 50-yə yaxın  məruzələ təqdim olunub.

 

Tədbirdə iştirakçıların Naxçıvanın bir çox tarixi yerlərinə gəzintisi təşkil edilib.