Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 25-29 iyul tarixində Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) şagirdlər üçün hazırlıq düşərgəsi keçirilib.

 

Təşəbbüsün məqsədi Gürcüstanda keçiriləcək “XV Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası”nda  iştirak edəcək Azərbaycan komandasının  olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.

 

Düşərgədə Bakı Dövlət Universitetinin fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov tərəfindən olimpiadaya hazırlıq dərsləri keçirilib. İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.

 

Dərslərlə yanaşı, düşərgə iştirakçıları ŞAR-ın teleskopları ilə tanış edilib, onlara teleskopların iş prinsipi, teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Şagirdlər həmçinin, gecə müşahidələrində də iştirak ediblər.