Yeni strategiya ölkəmizin növbəti illərdə inkişafının əsas prioritetlərini müəyyən edir


Ölkəmizin növbəti illərdə əsas hədəflərini göstərən yeni sənəd təsdiq edilib. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” adlanan həmin sənəddə təhsilin məqsədi müəyyənləşdirilib, qarşısında duran hədəflər öz əksini tapıb. Həftənin gündəmində əsas yer tutan bu məsələ ilə bağlı təhsil naziri Emin Əmrullayev brifinq keçirib. Brifinqdə təhsildə baş verən vacib hadisələrə də toxunulub.

 

“Yeni strategiya ölkəmizin növbəti illərdə inkişafının əsas prioritetlərini müəyyənləşdirən sənəddir”. Təhsil naziri Strategiyanı qiymətləndirərkən belə deyib.

 

“Azərbaycan-2030: Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” məqsədinə gedən yolu müəyyənləşdirən sənədin 3.3.bəndində “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə” müəyyən edilib. Təhsillə bağlı ölkəmizin öncəlikləri  “Milli Prioritet 3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” başlığı altında təsvir olunub.“XXI əsrin tələblərinə uyğun təhsil” növbəti dövr üçün təhsilin məqsədi olaraq müəyyən edilib. Burada qarşıdakı 5 ildə təhsildə başlıca hədəflər əksini tapıb.

 

Təhsil naziri sənədlə qarşıya qoyulan 2 böyük hədəfdən danışıb. Birinci hədəf beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın topladığı baldır. Hazırda 402 bal təşkil edən bu nəticəni 2028-ci ildə 422 bala qaldırmaq hədəflənib. Ali təhsil müəssisələrimizdən heç olmasa 2 universitetin dünyanın ən yaxşı 8 universiteti sırasına daxil olması növbəti illərin planları siyahısında başdadır.

 

Sənəddə 7 istiqamət üzrə fəaliyyət istiqamətləri və hədəflər müəyyənləşdirilib.Təhsil naziri məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili, ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, elmi tədqiqatların və innovasiyaların inkişafı, “ömürboyu təhsil” sisteminin gücləndirilməsi, rəqəmsal səriştələrin artırılmasından ibarət bu istiqamətlərin hər biri ilə  bağlı geniş məlumat verib.

 

Məktəbəqədər təhsil əlavə 100 min uşağı əhatə edəcək

 

“Hazırda 1-5 yaşında olan azyaşlıların 32 faizi məktəbəqədər təhsilə cəlb edilib. Növbəti 5 il ərzində bu rəqəmin 50 faizə çatdırılması planlaşdırılır. Bu da o deməkdir ki, dövrün sonuna əlavə 100 min uşağın bu təhsilə cəlbi üçün şərait yaradılacaq”, - deyən təhsil naziri bu hədəfə necə nail olacağımızdan da danışıb. Onun sözlərinə görə, bu müddət ərzində məktəbəqədər təhsildə də işçi heyətinin təlimləndirilməsi və sertifikatlaşdırılması nəzərdə tutulub. Bütün bölgələrdə mövcud olan, hazırda 777 müəllim tərəfindən 800 qrupda  təhsil alan 17 min uşağı əhatə edən icma əsaslı məktəbəqədər təhsil müəssisələri inkişaf etdiriləcək.

 

E.Əmrullayev valideyn-dövlət-özəl əməkdaşlığını əhatə edən yeni modeldən də bəhs edib. Bu əməkdaşlığın gücləndiriləcəyini, məktəbəqədər təhsildə keyfiyyət təminatı sistemi yaradılacağını deyib.

 

Ümumi təhsilin keyfiyyəti yüksəldiləcək

 

STEAM əsaslı yeni təhsil proqramlarının milli proqrama inteqrasiya olunması məqsədilə ümumi təhsildə səriştə əsaslı təhsil proqramlarının hazırlanması və tətbiqi nəzərdə tutulub. Həmçinin məzmun islahatlarının əsas istiqaməti kimi, 2022-2026-cı illərdə STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndiriləcək. Hazırda 90 min nəfərdən çox şagirdin qoşulduğu STEAM siniflərini də artırmaq hədəflənib.Strategiyanın nəzərdə tutduğu dövrün sonuna qədər 10 min sinfin, 280 min nəfər şagirdin STEAM əsaslı tədrisə cəlb edilməsi planlaşdırılıb. Nəticədə hər 5 şagirddən biri elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisini təmin edən bu metodla təhsil alacaq.

 

Təhsil nazirinin sözlərinə görə, ilin sonuna 137 min təhsilverənin sertifikasiyası və 68 min heyətin differensial əməkhaqqı sisteminə cəlb olunacağı planlaşdırılıb.Sertifikasiyada ən yaxşı nəticə göstərən müəllimlərin maaşlarına əlavələr ediləcək: “Odur ki, sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminat aləti deyil, eyni zamanda onların işinin rəğbətləndirilməsidir”.

 

Ümumi təhsildə həm də təmayüllərin, peşə təmayüllü siniflərin,inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsi nəzərdə tutulub. Maddi-texniki bazası yenilənən məktəblərin sayının 2026-cı ilə kimi 86 faizə çatdırılması hədəflənib.

 

Əmək bazarının tələblərinə cavab verən peşə təhsili

 

E.Əmrullayev diqqətə çatdırıb ki, hazırda peşə təhsili müəssisələrinə 15-16 min tələbə qəbul olunur. Növbəti 4 ildə peşə təhsilinə qəbul olan tələbələrin sayının əlavə 11 min nəfər artırılması nəzərdə tutulub: “Yüksək texniki peşə təhsili olan tələbələrin sayının isə 10 minə çatdırılması planlaşdırılır. 15 min nəfərin qısamüddətli ixtisasartımına cəlb olunması nəzərdə tutulur”.

 

Ali təhsil üçün 4 hədəf

 

Ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi istiqamətində dövrün sonuna qədər nail olunacaq vacib 4 hədəf əksini tapıb. İlk növbədə ölkəmizdə ali təhsillilərin sayının artırılmasına xidmət edən addımlar atılacaq. Bu il ali təhsil müəssisələrinə 50 min bakalavr, 10 minə yaxın magistrin qəbulunu gözlədiklərini vurğulayan təhsil nazirinin fikrincə, qarşıdakı 4 ildə bu rəqəmin ümumilikdə 75 minə qaldırılacağı planlaşdırılıb.

 

Bəs, bu, hansı yolla ediləcək? Nazir bildirib ki, bu istiqamətdə son bir neçə ildə xeyli iş görülüb. Orta ixtisas təhsili müəssisələrindən qəbul, ali təhsil müəssisələrinin infrastrukturunun genişləndirilməsi, yeni ali təhsil müəssisələrinin yaradılması ilə artıq bu prosesə start verilib. Bu istiqamətdə bir neçə amil mühüm rol oynayacaq: “İlk növbədə regional universitetlərimiz əhəmiyyətli rol oynamalıdır. Hazırda Mingəçevirdə, Lənkəranda, Gəncədə fəaliyyət göstərən universitetlərimizin tələbə sayında artım var. Eyni zamanda, həmin universitetlərdə ciddi infrastruktur layihələri icra olunacaq. Xüsusən, bu yaxınlarda Mingəçevir Dövlət Universiteti üçün 10 min nəfərlik müasir kampusun tikintisinə başlanacaq. Sadəcə bu bir yer Mingəçevirdə təhsil alan şagirdlərin sayından 3-4 dəfə çox  tutuma malikdir: “Hazırkı demoqragiyaya görə, növbəti illərdə ümumi təhsil müəssisələrindən məzunların sayı artacaq. Biz onların təhsil alması üçün şərait yaratmalıyıq. Bu imkan da mövcud universitetlərin genişlənməsi hesabına reallaşacaq”.

 

Ali təhsil müəssisələrində tələbə sayını artırmağın üçüncü yolu olaraq hibrid modelin uğuruna inanan təhsil naziri pandemiya dövründə özünü doğruldan bu metodun qarşıdakı illərdə də mövcud imkanları artırmaqda istifadə edilə biləcəyini vurğulayıb.

 

Növbəti illərdə ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə kadr hazırlığına da toxunan E.Əmrullayev balansın qorunacağını deyib: “Bu gün təxminən 10 mindən artıq insan pedaqoji sayılan ixtisaslara daxil olur. Hər il tək ümumtəhsil müəssisələri üçün 7-8 min vakansiya veririk. Hesab edirəm ki, bununla bağlı balans qorunur və gələcəkdə bu tendensiyanı qorumağa çalışacağıq”.

 

Nazir müəllim hazırlığı və kadrların yerləşdirilməsində problem kimi görünən məqama da diqqət çəkib: “Biz bütün ölkə üçün müəllim hazırlayırıq. Çünki ən kiçik kəndimizdə belə müəllim lazımdır. Müəllimlərimiz isə, adətən öz evinə yaxın məktəbdə işləmək istəyirlər. Bu da kənardan sanki ölkədə müəllim çoxdur kimi görünür. Hazırladığımız müəllim sayı vakansiyalardan çox olur, çünki hamı müəllim olmaq istəmir. Ona görə də bundan sonra da müvafiq tələbə uyğun müəllim hazırlanacaq”.

 

Strategiyaya əsasən, 2022-2026-cı illər ərzində beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndiriləcək, dövrün sonunadək 4 əlavə ikili diplom proqramının icrasına başlanılacaq. Bu dövr ərzində elmi potensialın gücləndirilməsi sahəsində təşviq mexanizmlərinin formalaşdırılacağını, elmi tədqiqatların artırılacağını və qlobal elmi məkana inteqrasiya olunacağını vurğulayan Emin Əmrullayev həmçinin iki ali təhsil müəssisəsinin elmi-tədqiqat universitetinə çevriləcəyini də deyib.

 

Strategiya çərçivəsində yeni məzmunlu proqramların əhatə dairəsi və keyfiyyəti artırılacaq. Belə proqramlardan biri - “SABAH” qruplarının fəaliyyəti dövründə özünü doğrultduğunu vurğulayan təhsil naziri hazırda həmin qruplarda 3000 tələbənin təhsil aldığını, amma qarşıdakı illərdə bu sayın 5 dəfə artırılaraq 15 min nəfərə çatdırılacağını da qeyd edib.

 

Növbəti illərdə sosial və standart təhsil tələbə kreditlərinin tətbiqi də genişləndiriləcək. Ötən tədris ilinin ortasından tətbiq edilən təhsil tələbə kreditlərindən bu il 10 min, gələcək illərdə isə 25 min nəfərədək tələbənin yararlana biləcəyi gözlənilir.

 

E.Əmrullayev elmi tədqiqatların və innovasiyaların inkişafını, elm və təhsilin inteqrasiyasını nəzərdə tutan V istiqamət üzrə fəaliyyətə də aydınlıq gətirib. Bu istiqamətdə görüləcək işlərin nəticəsi qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 elmi-tədqiqat institutunun fəaliyyəti olacaq. Beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayını 40 faiz artırmaq, elmi tədqiqatlara və inkişaf layihələrinə ayrılan xərcləri çoxaltmaq və elm xərclərinin ÜDM-də xüsusi çəkisinin müsbət dinamikasına nail olmaq növbəti dövr üçün təhsildə əsas hədəflər olacaq.

 

Güclü “ömürboyu təhsil” sisteminə aparan yolda 3 hədəf

 

Səriştələrin davamlı inkişafına əsaslanan “ömürboyu təhsil” sisteminin gücləndirilməsi istiqamətində 3 hədəf müəyyənləşdirilib. 4000 nəfərin peşə təhsilində qısamüddətli təlimlərə cəlb edilməsi, ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssislər hazırlayan kursların təşkili istiqamətində artıq müəyyən addımlar var. Məsələn, bu il Təhsil Nazirliyi tərəfindən 2000 nəfərdən çox şəxs İKT sahəsində kurslara cəlb edilib. Təhsil naziri bildirib ki, bu sahədə çox böyük faizlə gənclərin işlə təminatını müşahidə etdiklərindən qarşıdakı illərdə daha çox şəxsin qısamüddətli kurslara cəlb edilməsi planlaşdırılır. Ayrı-ayrı peşələr üzrə təcrübəsi olan şəxslərə müvafiq peşə təhsili sənədinin verilməsini nəzərdə tutan qeyri-formal və informal təhsil proqramlarının tanınması məsələsində də əhəmiyyətli nəticələr əldə ediləcək. Belə ki, Strategiyanın əhatə etdiyi dövrün sonunda daha 35 peşəyə müvafiq təhsil sənədi təqdim ediləcək.

 

Hər 6 şagirdə 1 kompüter

 

Rəqəmsal səriştələrin artırılması, İKT-nin təhsildə tətbiqi və distant təhsil imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsini rəqəmlərlə ifadə etsək, ilk hədəf hər 6 şagirdə 1 kompüter nisbətinə nail olmaqdır. Bu hədəfə ilin sonunadək nail olmağı planlaşdırdıqlarını deyən E.Əmrullayev bunun inkişaf etmiş ölkələr üçün minimal hədəf sayıldığını, hər şagirdə rəqəmsal mühitdə öyrənmə şəraiti yaratmağa yetərli olduğunu da vurğulayıb. Xatırladaq ki, bu ilin rəqəmlərinə görə, kompüter hər 22 şagirddən birinə düşür.

 

Elektron tədris resurslarının tətbiqində müsbət dinamikaya nail olunması istiqamətində fəaliyyət davam etdiriləcək. Bu istiqamətdə pandemiya dövründə əsaslı iş aparıldığını vurğulayan nazirin sözlərinə görə, bu dinamika davam etdiriləcək. Dövrün sonuna 40000  tədris resursunun yaradılması hədəflənib.

 

Müxtəlif təhsil pillələri və ümumi idarəetmə üzrə 26 informasiya sistemi və elektron xidmət istifadəyə veriləcək.

 

Nəhayət, işçi heyətindən 10000 nəfər rəqəmsal bacarıqlarının artırılması istiqamətində təlimlərə cəlb ediləcək.

 

Nazir həmçinin, bütün təhsil pillələri üzrə informasiya sistemlərinin və elektron xidmətlərin təkmilləşdiriləcəyi, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayının artırılacağı, məktəblilərimizin beynəlxalq olimpiadalarda qazandıqları uğur və digər bu kimi məsələlər barədə də geniş məlumat verib.

 

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun bu ildən elektron qaydada aparıldığını xatırladan Emin Əmrullayev  onu da deyib ki, ölkə üzrə məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi qarşıda duran hədəflərdəndir.

 

Ruhiyyə DAŞSALAHLI