2020/2021-ci tədris ilindən başlayaraq Bakı Dövlət Universitetində (BDU) SABAH magistratura proqramları çərçivəsində Kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Məqsəd təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün dərin biliklərə malik olan, öz peşə fəaliyyətlərində praktik problemləri formalaşdıran və effektiv həll edə bilən yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır.
Universitetdən bildirilib ki, əmək bazarının və beynəlxalq təcrübənin müasir tələblərinə cavab verən yeni məzmunun yaradılması, tətbiqi, tədrisin yüksək səviyyədə təşkili məqsədi ilə ixtisaslaşma üzrə təhsil proqramı İsrailin Holon Texnologiya İnstitutunun müasir dövrün tələblərinə cavab verən proqramı əsasında hazırlanıb.
BDU-nun həmin proqram üzrə təhsil alan 5 magistrantı Holon Texnologiya Universitetində yay təcrübə proqramında iştirak ediblər. BDU, Azərbaycan Respublikasının Təhsil İnstitutunun və Holon Texnologiya İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunmuş səfərdə tələbələr kompüter elmləri ilə yanaşı, bir sıra sahələrlə bağlı biliklər əldə ediblər.
Səfər çərçivəsində Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov tələbələrlə görüş keçirərək institutun əsas fəaliyyət sahələri və burada təhsilin üstünlükləri barədə söhbət açıb. Tələbələr üçün institutun binasında gəzinti təşkil olunub, strukturu və burada həyata keçirilən layihələr haqqında məlumat verilib.
Təcrübə proqramı ərzində tələbələrə müxtəlif kurslarda kompüter elmləri, robot texnologiyaları və alqoritmlər sahəsində yeni innovasiyalar haqqında mövzular tədris olunub. Yay məktəbi çərçivəsində tələbələr İsrailin innovativ texnologiyaların tətbiq olunduğu texnologiya parkları ilə tanış olublar. Yüksək texnologiyalar və İT sahəsindən olan sənaye nümayəndələri ilə tələbələrin görüşləri keçirilib.
Yay təcrübə proqramında uğurla iştirak edən tələbələr Holon Texnologiya İnstitutu tərəfindən sertifikatla təltif olunublar.