V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


 

Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsədi innovativ fəaliyyətləri stimullaşdırmaq, yeni ideyaları dəstəkləməkdir. Ötən tədris ilində keçirilən V Qrant müsabiqəsinin aşağıda oxuculara təqdim etdiyimiz qalib layihələri də təhsil müəssisələri və müəllimlərimizin innovativ axtarışlarının bəhrəsidir.  

 

“Bərabər imkanlar, yaradıcı inkişaf” – “İnkişafa dəstək dərnəyi”nin yaradılması

 

Naxçıvan şəhəri  8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova Təhsil Nazirliyi tərəfindən keçirilən V Qrant müsabiqəsində iştirak edərək “Bərabər imkanlar, yaradıcı inkişaf “- “İnkişafa dəstək dərnəyi”nin yaradılması inklüziv təlimlərin təşkili adlı layihə ilə qalib gəlib.  

 

- Sağlamlıq imkanları məhdud, inklüziv tədrisə cəlb olunmuş uşaqların təhsili, ümumi və yaradıcılıq inkişafı və cəmiyyətə inteqrasiyası müasir təhsilimizin başlıca vəzifələrindəndir. Belə ki, bu uşaqlar həm inkişaf etməli, həm də özünü cəmiyyətin bir üzvü kimi hiss etməlidirlər.
 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuş və 2017-ci ildə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmiş, 2021-2025-ci illlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən  Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Ümumiyyətlə, inklüziya (inclusion – daxiletmə) bütün vətəndaşların, ilk növbədə, əlilliyi olan, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafında çətinlikləri olan insanların cəmiyyətdə iştirak səviyyəsinin artırılması, ictimai həyata aktiv qatılma prosesidir. 

 

Layihənin məqsədi inteqrasiya məqsədi ilə ümumi təhsilə cəlb olunan inklüziv təhsilli uşaqların spesifik problemlərini nəzərə alaraq, onların daha rahat inteqrasiyası və tibbi-sosial, intellektual-yaradıcı inkişafı üçün yeni imkanlar yaratmaq, onlarla işləyən personalın bilik və səriştələrini artırmaq, uşaqlara praktik tibbi-psixoloji dəstək verməkdən ibarətdir.

 

Əvvəlcə, layihənin təşkilati – texniki hazırlıq işləri aparıldı, layihə heyəti işə cəlb edildi, onlarla müqavilələr imzalandı, yerli icra və təhsil orqanları məlumatlandırıldı, layihə üzrə uşaqlarla təlim, yaradıcı-intellektual inkişaf, valideyn və müəllimlərlə maarifləndirmə proqram və iş planları hazırlandı. Yaradılacaq dərnək texniki avadanlıqla təchiz edildi və uşaqlar üçün texniki, yaradıcı-intellektual əyani vəsaitlər, elektron planşetlər, leqo, rəsm, animasiya, dizayn ləvazimatlar, əyləncəli oyun və oyuncaqlar alındı.

 

Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbdə inklüziv təhsilli uşaqlar üçün “İnkişafa dəstək dərnəyi” yaradıldı. Dərnəkdə ekspert Gülxanım Orucova və psixoloq- loqoped Əsmər Rzayeva tərəfindən 20 uşaqla 4 qrupda sosial-pedaqoji, yaradıcı-intellektual təlim, praktik əyləncəli iş aparılmağa başlandı. Təlimlər və praktik məşğələlər 2 istiqamətdə oldu: 1. Leqo, rəsm, animasiya, dizayn üzrə nəzəri və praktik bilik və bacarıqların inkişafı, 2. İnklüziv uşaqların spesifik xüsusiyyətləri, onlarda intellektual yaradıcılıq, tibbi psixo-fizioloji korreksiya, inkişaf, sosial adaptasiya və özünə güvənin artırılması. Həmçinin dərnəkdə loqoped- psixoloq Əsmər Rzayeva tərəfindən həmin dərnəkdəki uşaqların saglamlığına yönəlik, praktik loqoped, defektoloq və psixoloji xidmət dəstəyi təşkil edildi.
 

İnklüziv uşaqlarla işləyən personalın səriştələrini artırmaq üçün psixoloqlar Minurə Musayeva və Agabəyim Bagırova tərəfindən bu məktəbdəki uşaqlarla işləyən 2 qrupda 10 nəfər olmaqla, 20 nəfər valideynlə inklüziv təhsilli uşaqlarla işin xüsusiyyətləri, uşaqlara qulluq və nəzarət,  uşaqlarda özünəgüvən hissinin, onların cəmiyyətə sosial adaptasiyası, canlı ünsiyyət və qarşılıqlı əməkdaşlıq mühitinin aşılanması, bu məktəbdəki uşaqlarla işləyən, hər qrupda 10 nəfər olmaqla, 20 nəfər müəllim personalı üçün inklüziv təhsil nədir, inklüziv təhsilə dair hüquqi baza (qanunvericilik) və ədəbiyyat, inklüziv uşaqlarla işin xüsusiyyətləri, uşaqlarla necə işləməli mövzularında  Naxçıvanın 10 məktəbindən (Naxçıvan şəhər 5, 7, 9, 10, 11, 12, 14, 15, 16, 17 saylı məktəblərdən) hər birindən 2 müəllim və 2 valideyn olmaqla təlimlər təşkil olundu. 

 

Biz layihə heyəti olaraq 4 aylıq marafonda çalışdıq ki, inklüziv təhsilli uşaqların  məktəbə, təhsilə inteqrasiyası üçün yeni imkanlar açaq, bundan sonra da onları təhsilimizin ən uca zirvələrində görək. Ümid edirik ki, layihənin icrası həm müəllimlər, həm valideynlər, həm də uşaqlar üçün yararlı oldu. 

 

“Diskalkuliya - hesablama çətinliyi”

 

Bakı şəhəri, Xətai rayonu 269 nömrəli  tam orta məktəbin ibtidai sinif müəllimi Nərgiz Məmmədli V Qrant müsabiqəsində “Diskalkuliya - hesablama çətinliyi " layihəsi ilə qalib gəlib. Layihənin mahiyyəti və hədəfləri barədə müəllif özü məlumat verir:

 

“Ümumi təhsil haqqında”  Qanuna görə, ümumi təhsil müəssisələrində psixoloji xidmət – valideynlərlə, rəhbər və pedaqoji işçilərlə əməkdaşlıq yolu ilə şagirdlərin meyil və maraqlarının, təhsil, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara zəruri hallarda pedaqoji-psixoloji dəstək göstərilməsini təmin edən xidmət növüdür. Ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi təhsilalanlara oxumaq, yazmaq, hesablamaq vərdişləri, aşılamaq, məntiqi və həyat təcrübələrini formalaşdırmaqdan ibarətdir. Bu şərəfli missiyanı yerinə yetirərkən mən də bir çox müəllimlər kimi  şagirdlərdə bir sıra çətinliklərlə üzləşirdim. Bu problem aşağıdakı əlamətlərdə özünü göstərir: rəqəmləri öyrənmədə və yadda saxlamada çətinlik çəkmə, riyaziyyata dair terminləri tez - tez unutma və ya başqa oxşar bir sözlə əvəz etmə, rəqəmləri tərs yazma- 6 yerinə 9, 15 yerinə 51, barmaq ilə hesablamaya uzun müddət davam etmə, yaddaş problemləri olduğu üçün hesablamaları düzgün edə bilməmə və ya düzgün edərsə cavab verməkdən çəkinmə. Diqqət dağınıqlığı, məsələn, toplama yerinə çıxma yazma və s.  Özgüvən əksikliyi, zaman (sabah, dünən, axşam, səhər),  yön ( sağ, sol, aşağı, yuxarı) qavramlarını öyrənmədə və onları anlatmaqda, vurma cədvəlini öyrənmədə, kəsirləri anlamada çətinlik çəkmə. Məsələni anlamama, hesablama zamanı çoxlu səhvlər etmə, məsələnin şərtini, planını, həllini, çox oxumasına rəğmən, öyrənə bilməmə. “Pul” və “saat” mövzularında olduqca əziyyət çəkmə və qarışdırma.
  

Bu kimi hallarla rastlaşan valideynlər və müəllimlər ya uşağın zəkasından, ya da rəqəmləri çox qarışdırdıqları üçün onların göz zəifliyindən şübhələnirlər. Bu problemin zəka ilə heç bir əlaqəsi yoxdur, əksinə normal və üstün zəkalı uşaqlarda tez - tez rast gəlinir.  Bu problemin elmi adı Diskalkuliyadır (diskalkuliya latın sözü olub, dis - çatışmazlıq, kalkulyator - hesablama deməkdir). Diskalkuliya hesablama çətinliyidir və xüsusi öyrənmə çətinliyinin bir qoludur. Daha kiçik yaşlarda öncə evdə valideynin və daha sonra müəllimin şagirdin  bu çətinliyindən şübhələnməsi, vaxtında müdaxilə etməsi və düzgün şəkildə mütəxəssislərə yönləndirilməsi çox önəmlidir. Bu, erkən diaqnoz üçün çox mühümdir. Həm valideynin, həm də ibtidai sinif müəllimlərinin bu haqda məlumatlandırılması və diskalkuliyadan əziyyət çəkən uşaqlarla işləmənin yolları öyrədilməlidir. Müəllimin bu sahədə yüksək biliyə malik olması diskalkuliyalı uşaqların gələcəkləri üçün böyük önəm daşıyır. Ailə və müəllim münasibətləri bu sahədə gücləndirilməli və birgə iş getməlidir. Diskalkuliyanın bir xəstəlik deyil və ailə bununla bağlı gördüyü problemləri müəllimdən gizlətməməli və psixoloji dəstək ilə yön verilməlidir. Qeyd edilən problemlərin qismən aradan qaldırılması və təhsili idarəetmə orqanlarının bu istiqamətdəki fəaliyyətlərinə dəstək olmaq məqsədilə Diskalkuliya layihəsi təqdim etdim.

 

Layihənin əsas məqsədi valideynlərin və müəllimlərin bu sahədə olan biliklərinin artırılması, diskalkuliyadan əziyyət çəkən uşaqların zəkasız adlandırılmaması və cəmiyyətdən təcrid olunmaması, vaxtında bu problemin aşkar edilməsi və uşaqlara düzgün yön verilməsidir.
Layihə məqsədindən irəli gələn aşağıdakı vəzifələri öz üzərinə götürdü: Diskalkuliya haqqında bilikləri genişləndirmək, bu sahədə araşdırmalar aparmaq, dünya təcrübəsi ilə uyğunlaşdırmaq; ev və sinif mühitini diskalkuliyalı uşaqlara uyğunlaşdırmaq və onlara yanaşma tərzini dəyişdirmək, bu sahədə həm müəllimlərə, həm valideynlərə dəstək ola bilmək; Şagirdlərin riyazi bacarıqlarını artırmaq, yaddaşlarını gücləndirmək, diqqət dağınıqlıqlarını aradan qaldırmaq;  əyani vəsait hazırlayaraq ibtidai sinif müəllimlərinə təqdim etmək.

Layihənin icrası zamanı Bakı şəhəri Xətai rayonunda yerləşən 5 ümumtəhsil məktəb - 48, 191, 171, 249, 260 nömrəli tam orta məktəblərlə  əməkdaşlıq edildi və həmin məktəblərdə çalışan 10 ibtidai sinif müəllimi, 10 valideyn layihəyə cəlb olundu. Layihənin həmin məktəblərin ibtidai sinif müəllimlərindən ibarət işçi qrupu  yaradıldı, müvafiq görüşlər təşkil olundu. Layihənin içrası ilə bağlı planlaşdırma, vəzifə bölgüsünün aparılması, iş planının təsdiqi,  təqdimat tədbiri təşkil olundu.


Bundan əlavə, hesablamaya, qavramaya, diqqətə və yaddaşa dair əyani vəsait  hazırlandı. Layihəyə cəlb edilmiş 5 ümumtəhsil məktəbdən olan 20 ibtidai  sinif müəllimi  və valideynlər üçün maarifləndirici seminarlar  təşkil olundu. Seminarda iştirak edən müəllim və valideynlərə  layihənin təlimçisi Çinarə Məmmədova tərəfindən diskalkuliya barədə, problemin psixoloji  tərəfi barədə isə layihənin psixoloqu Zəhra Əhmədova məlumat verdi.

 

Qeyd edək ki, təlim zamanı diskalkuliya barədə verilən məlumatların nə dərəcədə mənimsənildiyini bilmək üçün iştirakçılara qiymətləndirmə vərəqləri paylanılıb. Nəticələr qənaətbəxş olub, ştirakçılar layihə planına uyğun olaraq kifayət qədər məlumatlandırılıb.Təlim gedişatında iştirakçılarla geniş fikir mübadiləsi aparılıb, diskalkuliya barədə verilən suallar cavablandırılıb.

 

Təlimdə iştirakçılara layihə rəhbəri Nərgiz Məmmədli tərəfindən tərtib edilmiş “Diskalkuliya - hesablama çətinliyi" nin əyani vəsaiti təqdim olunub.Vəsaitdə diskalkuliya , onun növləri , əlamətləri, korreksiya yolları barədə geniş məlumatlar verilib. Vəsait müəllim və valideynlərə dəstək, diskalkuliya barədə biliklərini artırmaq məqsədi ilə tərtib olunub. Təlimə ümumilikdə 105 nəfər cəlb olunub  (müəllim və valideynlər). Təlimin sonunda hər bir iştirakçı sertifikatla təltif edilib. Layihənin icrası və nəticələri haqqında ictimaiyyətin məlumatlandırılması məqsədi ilə mütəmadi olaraq  yerli xəbər portallarında,məktəbin saytında, facebook və instagram səhifəsində məlumatlar yayımlanıb.

 

“STEAM KİDS” -Uşaqlar üçün Robot Qurma və Proqramlama Kursu

 

Bakı şəhər 234 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəna Borayeva V Qrant  müsabiqəsində “STEAM KİDS”-Uşaqlar üçün Robot Qurma və Proqramlama Kursu layihəsi ilə qalib gəlib. R. Borayeva layihəsi barədə belə deyir:

 

- Azərbaycan təhsilində müasir innovativ yanaşmalar özünü göstərməkdədir. Bu yanaşmalardan biri də STEAM istiqamətli layihələr və dərslərdir. Son illərdə  STEAM təhsilin yalnız orta məktəbdə və kollecdə deyil, həm də daha geniş mənada, bütün həyat boyunca insanların uğurlu olmasını təmin etməsinə dair çoxsaylı sübutlar ortaya qoyulur. Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən  2019-2020-ci tədris ilindən Bakının bir çox məktəblərində STEM dərsin keçirilməsi ilə əlaqədar pilot layihə qəbul olunub. Bununla bağlı Azərbaycandan 50 müəllim STEM təhsili almaq üçün İsrailə 1 aylıq treninqlərə cəlb edilib.  

 

Bizim məqsədimiz  uşaqların böyüməsində istifadə edə biləcəyi mühüm həyati bacarıqların inkişafına  köməklik göstərməkdir.  Layihənin vəzifələrinə  şagirdlərin diqqətini gücləndirmək, bədii bacarıqlarını artırmaq, məntiqi təfəkkürü  və özünə inamı, kiçik motorikanı inkişaf etdirmək, şagirdlərimizin elm, texnologiya, mühəndislik, riyaziyyat və yaradıcılıq dünyasına ilk addımlarını əyani şəkildə, toxunaraq öyrənməklə atmalarına və bu yaş dövrü üçün maraq duyğusunun təşviqi və ilkin bacarıqların ortaya çıxarılmasına yardım etmək daxildir.

   

Bakı şəhər 234,181 və 206 nömrəli tam orta məktəblərin bu layihə üçün seçilmiş şagirdləri üçün təşkil olunmuş təlimdə layihənin eksperti Ramil Süleymanov və əsas təlimçiləri “Demokratik Gənclər” İctimai Birliyinin Müasir Təlim Texnologiyaları Mərkəzinin direktoru Fidan Qəribova, Bakı şəhər 181 nömrəli tam orta məktəbin direktor müavini, İKT-nin təhsildə tətbiqi üzrə təlimçi Venera Əfəndiyeva  iştirak ediblər.  

 

Seçilmiş şagirdlər üçün təlim proqramı mühəndislik istiqamətləri - məqsədyönlü innovasiya, yaradıcı və analitik bacarıqlar, riyazi istiqamətlər - ədədlər və əməliyyatların hesablanması, məlumatların təhlili, çətin problemlərin həlli, riyazi və məntiqi təfəkkürün inkişafı üçün istifadə olunan təlim modulları, rəsm, blok və mətn əsaslı proqramlaşdırma; xəritə üzərində hərəkət, labirintlər; robotların üzgüçülüyü,  Sphero; SUMO robotları; robotlar futbol meydançasında; Sphero ilə rəssamlıq; rəqəmsal dünyada incəsənət  və s. mövzuları əhatə edib.
 

 

Dərs proqramları, istifadə etdiyimiz texnoloji həllər pedaqoqlar tərəfindən şagirdlərin bilik və maraqları nəzərə alınmaqla hazırlanıb. İstifadə etdiyimiz dərs proqramları uzunmüddətli sınaq dövrü keçdikdən sonra tətbiq olunur, hər kursun sonunda isə yenidən qiymətləndirilərək daha da təkmilləşdirilir. Robotiks dərslərində uşaqlar sadə və daha mürəkkəb strukturlu robotları yığacaq və yığdıqları robotları bloklardan qurulan kod vasitəsi ilə hərəkətə gətirməyi öyrənəcək. Robotları “canlandırmaq” üçün onlar proqramlaşdımanın əsas anlayışlarını öyrənəcək və proqram təminatı vasitəsi ilə biliklərindən istifadə edəcək. Bunun üçün sensorlarla isləyəcək, hərəkət, təkrarlanma, gözləmə, səs, işıq və digər bloklarla tanış olacaqlar. Şagirdlər yeni nəsil Sphero BOLT robotlarının köməyi ilə fərqli layihələr üzərində çalışırlar. Bu robotların özəlliyi onların öyrənmək üçün sadə, istifadə üçün isə limitsiz imkanlara sahib olmasıdır. Sphero dərslərində şagirdlər robotun müstəvi üzərində hərəkət etməsi, sensorlarla işləməsi və proqramlaşdırılması kimi bacarıqlara yiyələnirlər.
  

Qeyd edim ki, layihəmin əsasında STEAM texnologiyaları durur. Təlimlərdə Micro:bit, robotkodlaşma və Tinkercad proqramlarından istifadə edərək, şagirdlər və gələcəkdə təlimçi kimi bu layihələrdə işləyə bilən müdavimlərin hazırlanmasını həyata keçirirəm. 

 

Fikirlərimi yekunlaşdıraraq demək istərdim ki,  STEAM  elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat elmlərini və konsepsiyalarını əhatə edir. Bütün bu elmlərin inteqrasiyası uşaqlarda analitik düşüncə və problem həlletmə bacarıqlarını təmin etməyi hədəfləyir. Bu çərçivədə STEAM daha çox performans tələb edən təlim proqramlarında, musiqi və rəsm kimi bədii dərslərdə də  istifadə edilə bilər. Performans tələb edən təlimlər kimi idman fəaliyyətləri, teatr tamaşaları və eksperimental fəaliyyətlərdən danışmaq olar.  Layihəmiz STEAM ilə problemləri həll etmə qabiliyyətinə sahib, qarşılaşdıqları vəziyyətlər barədə analitik düşünən, şərh gücünə sahib, həll yönümlü araşdırma edə bilən, yenilikçi və geniş təsəvvürə sahib olan şəxsləri yetişdirmək məqsədi daşıyır.

 

“ Fransız dilində faydalı onlayn qiymətləndirmə vasitələri”
 

Bakı şəhəri Suraxanı rayonu Abil Səfərov adına 114 nömrəli  tam orta məktəbin fransız dili müəllimi Ülkər İsmayılova  V Qrant müsabiqəsində  “Fransız dilində faydalı onlayn qiymətləndirmə vasitələri” layihəsi ilə qalib gəlib. Onun fikirlərinə baxaq: 

 

- Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi keçirildiyi illərdən  layihənin qalibi olmuş müəllimlərin  fəaliyyətlərini maraqla izləyirdim. V Qrant müsabiqəsi elan olunduqda layihəyə qoşulmaq fikrinə gəldim. Son dövrlərdə  baş verən hadisələr, pandemiya, məsafədən  təhsil hər yerdə olduğu kimi, ölkəmizdə də müəyyən çətinliklər yaratmışdı. Bu məqsədlə  "Fransız dilində faydalı onlayn qiymətləndirmə vasitələri" layihəsini  müsabiqəyə təqdim etdim və  qalib gəldim. 

 

Layihəni təklif etməkdə məqsədim məsafədən təhsilin əlçatanlığı, faydalı onlayn qiymətləndirmə vasitələri ilə nəinki Bakıda, respublikamızın digər bölgələrində  çalışan fransız dili müəllimlərini də tanış etməklə  şagirdlərdə distant tədrisə daha da maraq oyatmaq idi.

 

Layihənin icra olunduğu müddətdə Qazax, Ağstafa, Tovuz, Qəbələ rayonlarında, Bakı şəhərindəki orta ümumtəhsil məktəblərində çalışan 50-dən artıq fransız dili müəllimini layihəyə cəlb etdik, şagirdləri onlayn qiymətləndirmə vasitələri ilə tanış etdik. Şagirdlərə Kahoot, Baamboozle, Crossword labs, Evalbox, Quizlet, Google Drive və b. proqramlar barədə məlumat verdik, onlarla onlayn viktorinalar təşkil etdik. Layihə həm fransız dili müəllimləri, eyni zamanda da şagirdlər arasında böyük marağa səbəb oldu. Artıq bir neçə aydır ki, layihə öz işini yekunlaşdırıb.

 

"Milli azlıqlardan ibarət ibtidai siniflərdə Azərbaycan dili fənninin mənimsənilməsində həvəsləndirici oxu və yazı müsabiqəsi"

 

V Qrant müsabiqəsi  çərçivəsində fərdi kateqoriyada İsmayıllı rayonu  İstisu kənd tam orta məktəbin ibtidai sinif müəllimi Şahid Muradlı "Milli azlıqlardan ibarət ibtidai siniflərdə Azərbaycan dili fənninin mənimsənilməsində həvəsləndirici oxu və yazı müsabiqəsi" adlı layihə üzrə qalib gəlib.

 

- Layihənin məqsədi milli azlıq nümayəndələrinin təhsil aldığı ibtidai siniflərdə Azərbaycan dili fənninin tədrisi zamanı oxu və yazı bacarıqlarının inkişafı üçün stimullaşdırıcı mühit formalaşdırmaq, dilimizin zənginliyi fonunda şagirdlərin erkən yaşlarda özünüifadə bacarıqlarını inkişaf etdirməkdir. İsmayıllı rayonu ərazisində 7 fərqli azsaylı xalqın nümayəndəsi yaşayır ki, bu müsabiqə növbəti mərhələdə həmin məktəblərdə çalışan müəllim və şagirdlərin də fəal iştirakına və Azərbaycan dili fənninin mənimsənilməsi zamanı onların daha çox motivasiya edilməsinə gətirib çıxaracaq.
 

Layihə müddətində İsmayıllı rayonu ərazisində milli azlıqların kompakt halda yaşadığı İstisu, Sumağallı, Qalacıq, İvanovka, Hacıhətəmli, Qurbanəfəndi kəndlərinin məktəblərinin ibtidai siniflərində oxuyub-anlama və yazı müsabiqəsi keçirildi. Bir neçə mərhələdən ibarət olan layihənin sonunda qalib gələn şagirdlər və onların müəllimləri mükafatlandırıldılar. İxtisasım ibtidai sinif müəllimliyi olduğu üçün təhsildə ilk addımlarını atan azyaşlılarda məktəbə, təhsilə, mütaliəyə həvəs yaratmağın məndən asılı olduğunu bilirəm. Öz milli, mənəvi dəyərlərinə sadiq, xalqını, vətənini sevən, yeniliklərə açıq olan gənclər yetişdirmək ən böyük məqsədimdir.

 

Layihənin Azərbaycan təhsilinə faydalı olması ümidi ilə! 
 

Oruc MUSTAFAYEV