İyulun 19-da təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın ən böyük biznes şəbəkəsi olan "British Expertise" təşkilatında təhsillə bağlı ən müasir texnoloji xidmətlər təqdim edən təhsil qurumlarının nümayəndələri ilə görüşüb.

 

Görüş zamanı təhsil naziri hazırda ölkəmizdə təhsil sistemində həyata keçirilən innovasiya və texnologiya üzrə islahatlarla bağlı məlumat verib, gələcəkdə bu islahatların daha da genişlənməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin 44 günlük Vətən müharibəsindən, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri və xüsusilə də yaranmış imkanlar müzakirə edilib.

 

İyulun 20-də isə Emin Əmrullayev Lordlar Palatasında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun təşkilatçılığı əsasında dünyanın və Böyük Britaniyanın Vorvik (University of Warwick), Nyukasl (Newcastle University), Durham (Durham University), Lester (University of Leicester) və s. kimi nüfuzlu universitetlərinin rəhbərləri və nümayəndələri ilə görüşüb. 

 

Görüş zamanı nazir hazırda ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən layihə və təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verib.

 

Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.