Tural Topçuyev: “Ən ali məqsəd mənəvi saflığa malik şəxsiyyət yetişdirməkdir”
Tural Topçuyev 1990-cı ildə Gədəbəy rayonunun Kələman kəndində anadan olub. 2007-ci ildə rayonun Hacıalılar kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Həmin il Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinə qəbul olub. 2011-ci ildə bakalavriat, 2015-ci ildə isə magistratura pillələri üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Hazırda Gədəbəy rayonunun Qızılqaya kənd tam orta məktəbində coğrafiya müəllimi işləyir. Bu il coğrafiya fənnindən hazırladığı 4 şagird 600-dən, 13-ü isə 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb. Gənc müəllimin fikir və təəssüratlarını öyrənmək üçün onunla müsahib olduq.
- Tural müəllim, ali məktəbə qəbul imtahanı verdiyiniz vaxtda keçirdiyiniz hissləri necə xatırlayırsınız?
- Sözsüz ki, bütün abituriyentlər kimi mən də həyəcanlı idim. Amma düzünü deyim ki, özümə çox arxayın idim. İnanırdım ki, qəbul imtahanında yüksək bal toplayacağam. Belə də oldu.
- Müəllimlik peşəsinə sizdə maraq hardan yaranıb? Orta məktəbi əla qiymətlərlə bitirmisiniz. Qeyri peşə sahibi də ola bilərdiniz?
- Doğrudur, nə çox peşə...Amma müəllimlik peşəsini seçməkdə ilk yol göstərənim atam olub. O, mənə həmişə deyirdi ki, kəndimizdə coğrafiya müəllimi yoxdur...
- Universiteti qurtardıqdan sonra doğulduğunuz kənd məktəbini yox, ucqar Qızılqaya kənd tam orta məktəbini seçdiniz. Buna səbəb nə oldu?
- 2012-ci ildə Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqə imtahanı keçirirdi. Bu imtahana qatılaraq yüksək bal topladım. Sonra vakant yeri seçmək üçün rayon təhsil şöbəsinə getməli oldum. Orada mənə bildirdilər ki, Qızılqaya kəndində sizin kimi gənc müəllimə böyük ehtiyac var. İşləsəniz çox yaxşı olar. Beləliklə də razılaşdım.
Məktəbin həyətində məni direktor Oktay Məmmədov qarşıladı. O, məni pedaqoji kollektivə təqdim etdikdən sonra dedi: “Tural müəllim, sizin gəlişiniz, şübhəsiz ki, bizim məktəbə yeni bir nəfəs verəcək”. O gündən pedaqoji kollektivin mənə doğma münasibəti mənim üzərimə böyük məsuliyyət qoydu.
- O vaxtdan artıq 6 il keçir. Şagirdlərlə ilk dərs gününüz yaddaşınızda necə qalıb?
- 11-ci sinifdə coğrafiyadan “Türk birliyi anlayışı” mövzusunda dərs keçdim. Dərs şagirdlər tərəfindən maraqla qarşılandı. Düzü, dərsin maraqlı keçməsi müəllimin hazırlığından çox asılıdır. Çünki müəllim elə bir intellektual, mənəvi hazırlıq səviyyəsinə malik olmalıdır ki, sinifdə elmin mahiyyətini, öyrənməyin dəyərini aşılaya bilsin.
- Pedaqoji fəaliyyətinizdə qazandığınız nailiyyətlər barədə nə deyə bilərsiniz?
- Kənddə müəllim işləməklə bərabər, ikinci ildir ki, həm də Gədəbəy şəhər 1 nömrəli tam orta məktəbin iqtisadiyyat təmayüllü 10-11-ci siniflərində coğrafiyadan dərs verirəm. Bu siniflərdə keçən tədris ilindən bəllidir ki, şagirdlərin bilik səviyyəsi çox yüksəkdir. Şübhəsiz ki, gələcəkdə onların hamısı ali məktəblərə qəbul olacaq.
Həm də keçən tədris ili şagirdlərimdən 21 nəfər Respublika fənn olimpiadasının rayon mərhələsinin qalibi olmuş, onlardan 3 nəfər isə final mərhələsində iştirak etmişdir.
- Bildirdiniz ki, işlədiyiniz məktəbin və qonşu məktəblərin şagirdləri ilə coğrafiyadan əlavə məşğələlər keçirirdiniz. Həmin şagirdlər arasında ali məktəbə qəbulun vəziyyəti necə oldu?
- Ümumiyyətlə, bu il rayon üzrə ali məktəblərə qəbulun vəziyyəti yüksək olub. O cümlədən, mənim coğrafiyadan məşğul olduğum 4 şagird 600-dən, 13 nəfər isə 500-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olublar.
- Dərs dediyiniz şagirdlərinizin çoxunun ali məktəbə qəbul olmağının sirri nədədir?
- Dərslərimdə müasir dərsə verilən tələbləri gözləməklə, interaktiv təlim metodlarından bacarıqla istifadə edirəm. Axı hər bir müəllimin özünün pedaqoji taktikasının olması labüddür. Müəllimi konkret olaraq hansısa metoddan istifadəyə məcbur etmək, qarşısına tələblər qoymaq mümkün deyil. Əgər belə olarsa, dərsdən səmərəni gözləmək yersizdir.
- Ucqar kəndlərdə fəaliyyət göstərən gənc müəllimlərə həvəsləndirmə tədbirləri tətbiq olunur. Gənc müəllim kimi siz bu güzəştlərdən necə istifadə edə bilibsiniz?
- Həvəsləndirmə tədbirləri biz gənc müəllimlərin yaxşı işləməsi, fəaliyyət göstərməsi üçün hər cür imkanlar yaradır. 5 il müddətində kommunal xidmətlərdən mən də azad olunmuşam.
- Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında Pedaqoji mühazirələr keçirilmişdir. Siz həmin Pedaqoji mühazirələrdə iştirak edə bildinizmi?
- Pedaqoji mühazirələr rayon təhsil şöbəsinin rəhbərliyi altında yaxşı təşkil olunmuşdu. Mühazirələrin rayon mərhələsində qalib olduğumdan respublika mərhələsinin iştirakçısı olmuşam.
- Cəmiyyətdə son vaxtlar “Müəllim şagird mənəviyyatının qurucusudur” fikrini tez-tez eşidirik. Siz gənc müəllim kimi bu haqda nə deyə bilərsiniz?
- Doğrudan da belədir. Hər bir müəllim şagird mənəviyyatının qurucusudur. Əsl müəllim üçün dərsin bir məqamı mühüm əhəmiyyət kəsb edir. Müəllim o məqamlardan istifadə etməklə şagird təfəkkürünün dərinliyinə nüfuz etməlidir.
- Deyirlər hər bir müəllimin həyatda öz dünyası var. Bu haqda siz necə düşünürsünüz?
- Bəli, hər bir müəllimin öz dünyası var. Çünki onun hər bir şagirdi bu dünyanın bir vətəndaşıdır.
- Asudə vaxtlarınızdan necə istifadə edirsiniz?
- Maraqlı sualdır. Gözləyirdim ki, belə bir sual verəcəksiniz. Mən çox vaxtlar asuda vaxtımı kitabxanada keçirirəm. Çünki Əkinçilik Elmi-Tədqiqat İnstitutunun dissertantıyam. Dissertasiya işimin müdafiəsinə hazırlaşıram. Arzum gələcəkdə tədqiqatçı alim olmaqdır.
- Sonda müəllim olmaq istəyən şəxslərə gənc müəllim kimi nə tövsiyə edərdiniz?
- Cəmiyyətdə müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olmuşdur. Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Nizami Gəncəvi müəllimi günəşə bənzədirdi. L.N.Tolstoya görə öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim əla müəllimdir.
Tural müəllim verilən sualları aram -aram cavablandırdıqdan sonra bir anlığa fikrə getdi... sonra isə fikrini belə yekunlaşdırdı: “Unutmamalıyıq ki, müəllimlik daha çox mənəviyyat məsələsidir. Hər bir müəllimin ən ali məqsədi cəmiyyət üçün mənəvi saflığa malik olan şəxsiyyət yetişdirməkdir.
Şakir CƏFƏROV