Azərbaycan Dillər Universitetində (ADU) 2021/2022-ci tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.

 

Tədbirdə təhsil nazirinin müşaviri Nicat Məmmədli, Çin Xalq Respublikasının səfiri xanım Qo Min, Meksika səfiri Xuan Rodriqo Labardini Flores, Kuba səfiri Karlos Enrike Valdes de Konsepsyon, Mərakeş səfiri Adil Embarş, Serbiya səfiri Draqan Vladisavlyeviç, Almaniyanın müvəqqəti işlər vəkili Hayko Şvartz, Çilinin müvəqqəti işlər vəkili  Fidel Koloma Qrimberq, Türkiyə səfirinin müavini Barış Sayğın, Koreya səfirinin müşaviri Yi Sonq Ho, Yaponiyanın təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Ono Taiçi, Rusiya səfirinin məsləhətçisi Pyotr Serqeyeviç Volkovix, Bakıdakı Rus Evinin rəhbəri İrek Haydaroviç Zinnurov, səfirliyin katibi Pavel Mixayloviç Kuzneçov, Macarıstanın müvəqqəti işlər vəkili doktor Tamaş Vassari, Rumıniyanın ölkəmizdəki konsulu Toma Cristian Daçiça, Fransa səfirinin müavini  Jerom Kel, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatları Arzu Nağıyev, Etibar Əliyev, Naqif Həmzəyev, Jalə Əhmədova, Sevil Mikayılova, Mahir Abbaszadə, ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.  

 

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, ADU-nun əldə etdiyi nailiyyətlərdən danışıb.

 

Rektor otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açıb, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinin daim əziz tutulduğunu bildirib.

 

K.Abdulla əlavə edib ki, ADU-nun qapıları öz məzunlarının üzünə həmişə açıq olub və bu, hər zaman belə olacaq: “Əziz məzunlar, harda olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz”.

 

Tədbirdə daha sonra çıxış edən səfirlər, müvəqqəti işlər vəkilləri, səfirlik əməkdaşları və millət vəkilləri ADU-nun qazandığı uğurlardan, bu ali təhsil ocağının genişlənən beynəlxalq əlaqələrindən danışıb, tələbələrə gələcək həyatlarında uğurlar arzulayıb, təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və Fəxri fərmanlar təqdim ediblər.

 

Mərasimdə Vətən müharibəsi iştirakçısı olmuş məzun qazilərə, akademik göstəriciləri yüksək olan və fəallığı ilə seçilən məzunlara universitetin rəhbərliyi tərəfindən Fəxri fərmanlar verilib.

 

Tədbir bədii hissə ilə davam edib.