Mingəçevir Dövlət Universitetində Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Təlim və tədrisdə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilib.

 

Universitetin bir qrup akademik və inzibati heyət üzvlərinin iştirak etdiyi seminarda Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov  və müəllimi Qaragöz Kərimov təqdimatla çıxış ediblər.

 

Təqdimat zamanı Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Qazi Universitetində bir aylıq təlim və təcrübədə iştirak etmiş M.İsmayılov universitetdə daxili kommunikasiyanın qurulması, tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı qardaş ölkənin təcrübəsini bölüşüb, müvafiq təkliflərini diqqətə çatdırıb.

 

Sonra İstanbul Gedik Universitetində bir həftəlik təlim və təcrübə proqramında iştirak etmiş Q.Kərimov universitet-sənaye əməkdaşlığının qurulması və inkişaf etdirilməsi ilə bağlı Türkiyənin sözügedən tərəfdaş ali təhsil müəssisəsinin təcrübəsindən bəhs edib, bu istiqamətdə əhəmiyyətli rol oynayan müvafiq laboratoriyaların, araşdırma və təkmilləşdirmə mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. 

 

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda geniş fikir mübadiləsi aparılıb və verilən çoxsaylı suallar cavablandırılıb.