830 SABAH qrupları məzunu üçün “Məzun günü” keçirildi
Yenə Heydər Əliyev Mərkəzi, yenə SABAH qrupları, yenə məzun günü. 8 ildir fəaliyyətdə olan SABAH qruplarının növbəti, 6-cı məzun gününə yenə Heydər Əliyev Mərkəzi ev sahibliyi etdi. Artıq 12 ali təhsil müəssisəsində 41 ixtisas, 650-dən çox professor-müəllim heyəti və 2 400-dən artıq tələbəni əhatə edir. 2021/2022-ci tədris ili üzrə SABAH qrupları məzunlarının sayı 830 nəfərdir.
“Mən SABAHam”
Foyedə ənənəvi sərgi açılıb. Bu dəfəki də SABAH qrupu tələbələrinin əl işlərindən ibarət idi və “Mən SABAHAM” adlanırdı.
Sərgiyə bələdçilik edən tələbələr Rəssamlıq Akademiyasının tələbələri idi. Səbinə Xaliq orada Dekorativ sənət ixtisası üzrə təhsil alıb. Təhsil müəssisəsində SABAH qruplarında təhsil alan 17 məzundan biridir: “SABAH qruplarında təhsil almağı seçərkən bilirdim ki, yuxusuz gecələrim çox olacaq. Ancaq razıydım. Çünki yiyələnmək istədiym ixtisas üzrə daha yaxşı, daha keyfiyyətli təhsil almaq, daha dərin bilik sahibi olmaq istəyirdim.
Fərəh Fazilova da Rəssamlıq Akademiyasının məzunudur. İnteryer dizayner ixtisası üzrə təhsil alıb. Sərgidə həm də Memarlıq və İncəsənət Universiteti tələbələrinin əl işlərini təqdim edib. Sağ tərəfində öz tələbə yoldaşlarının hazırladığı Qarabağa həsr olunan interyer-dizayn həlləri, solunda isə AzMİU tələbələrinin “Avatar”ları idi. “Onlar layihələrini işləyəndə bu avatarlardan istifadə edərək öz imzalarını qoyurlar”, - deyir.
“SABAHın məzunu-2022”
SABAH məzunları üçün düzənlənən “SABAHın məzunu 2022” mərasimində təhsil naziri Emin Əmrullayev iştirak edib. Nazir SABAH məzunlarını təbrik edərək deyib ki, ölkənin gələcəyi bacarıqlı və hazırlıqlı gənclərdən asılıdır. Ona görə də 2014-cü ildə Təhsil Nazirliyinin innovativ təşəbbüsü olaraq fəaliyyətə başlayan SABAH qrupları gənclər üçün bir çox baxımdan imkanlar deməkdir.
Emin Əmrullayev indiyədək ümumilikdə 3800-dək gənc mütəxəssisin SABAH məzunu olduğunu diqqətə çatdırıb.
SABAH qruplarının məzunlarının 50 faizindən çoxunun işlə təmin olunduğunu vurğulayan nazir bu gün məzun olan SABAH tələbələrinin böyük əksəriyyətinin elmi və əmək fəaliyyətinin işğaldan azad edilmiş ərazilərlə bağlı olacağına əminliyini də ifadə edib.
Məzunlara öz tövsiyələrini çatdıran nazir onları dövlətin yaratdığı bir çox imkanlardan vaxtında və düzgün istifadə etməyə çağırıb. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılan imkanları xatırladaraq SABAH məzunlarını bu proqram çərçivəsində magistratura təhsilindən yararlanmağa dəvət edib: “Bu ildən xaricdə təhsil proqramının növbəti layihəsi təsdiqlənib və SABAH məzunları üçün magistratura səviyyəsi üzrə xüsusi güzəştlər nəzərdə tutulub. Ümid edirəm ki, bu fürsətdən yararlanacaqsınız”.
SABAHda seçilənlər
“Məzun günü” ən yüksək göstəriciləri ilə fərqlənən 12 SABAH məzunu təltif edilib. BDU tələbəsi Fizzə Məmmədova, UNEC tələbəsi Akif Qurbanov, ADU tələbəsi Məlahət Abbasova, ADNSU tələbəsi Ülvi Əhmədli, Rəssamlıq Akademiyasının tələbəsi Fərəh Rəhimli, BMU tələbəsi Qəndab Həsənova, ADPU tələbəsi İlahə Kərimova, AzTU tələbəsi Vüsal Əmirov, Mədəniyyət və İncəsənət Universitetindən Nəzrin Zeynalova, Musiqi Akademiyasından Leyla Zeynalova və AzMİU tələbəsi Turan Abdullayev universitet rektorları tərəfindən mükafatlandırılıblar.
Mükafatlandırılanlardan biri, ən yüksək göstərici ilə SABAH qruplarından məzun olan Fizzə Məmmədova “Azərbaycan müəllimi” qəzetinə deyib ki, seçilənlərdən olmağın üstünlükləri ilə yanaşı, bəzi çətinlikləri də olub: “Həyatımda əvəzolunmaz iz qoyan 4 il yaşadım. Hər biri bir universitet olan müəllimlərdən dərs aldım. Bu 4 ildə hər an SABAH ailəsinin fərdi olduğumu hiss etdim və bunun məsuliyyətini dərk etdim”.
Bakı Dövlət Universitetinin tələbəsi Tarix müəllimliyi ixtisası üzrə təhsilini 99.32 balla bitirir.
SABAH məzun tədbirinin hər il təkrarlanan daha bir ənənəsi - rəmzi SABAH açarı hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülüb.
Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib.
Ruhiyyə DAŞSALAHLI