İyulun 7-də Heydər Əliyev Mərkəzində “SABAHın məzunu - 2022” mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları “Mən SABAHAM” adlı sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev SABAH qruplarının məqsədindən söz açıb. 2014-cü ildə Təhsil Nazirliyinin innovativ təşəbbüsü olaraq fəaliyyətə başlayan SABAH-ın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb.
Emin Əmrullayev bu gün məzun olan SABAH tələbələrinin böyük əksəriyyətinin peşə fəaliyyətinin işğaldan azad edilmiş ərazilərlə bağlı olacağına əminliyini ifadə edib.
Məzunlara öz tövsiyələrini çatdıran Emin Əmrullayev bu ilədək ümumilikdə 3800-dək SABAH məzunu olduğunu diqqətə çatdırıb, onlara yaradılan imkanlardan danışıb. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində gənclərə yaradılan imkanları vurğulayan nazir SABAH məzunlarına bu proqram çərçivəsində magistratura təhsilindən yararlanmağı tövsiyə edib.
Nazir çıxışının sonunda məzunları və onların valideynlərini təbrik edib, uğurlar arzulayıb.
Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.
Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.
Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib.
Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 41 ixtisas və 2400-dən artıq tələbəni əhatə edir. 2021-2022-ci tədris ili üzrə SABAH qruplarının məzunlarının sayı 830 nəfərdir.