Ali təhsil sisteminin beynəlmiləlləşdirilməsi təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi və beynəlxalq rəqabətliliyinin təmin edilməsi üçün ən vacib vəzifələrdən biridir.
Bu gün beynəlxalq təhsil əlaqələri beynəlxalq mədəniyyət mübadiləsinin ən vacib və perspektivli sahələrinə aid edilə bilər. Təhsilin beynəlmiləlləşməsinə nail olmağın yollarından biri beynəlxalq təşkilata üzv olmaqdır.
Bu ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Cumulus incəsənət, dizayn və media sahələrində ali təhsil müəssisələrinin qlobal birliyi”nin üzvü olub.
ADMİU-dan bildirilib ki, hazırda universitet ölkəmizi assosasiyada təmsil edən ilk və yeganə universitetdir.
“Cumulus” 1990-cı ildə Finlandiyanın Aalto Universitetinin İncəsənət, Dizayn və Memarlıq Məktəbi və London Kral İncəsənət Kolleci tərəfindən Danimarka Dizayn Məktəbi, Gerrit Rietveld Akademiyası, Duisburq-Essen Universiteti və Vyana Tətbiqi İncəsənət Universiteti ilə əməkdaşlıqda təsis edilib. Şəbəkə Avropa İttifaqının Erasmus proqramı çərçivəsində məktəblər, tələbə və müəllim mübadiləsi arasında əməkdaşlığı koordinasiya etmək üçün yaradılıb. Şəbəkə 2001-ci ildə “Cumulus Assosasiyası” adını alıb. Hazırda 66 ölkədən 350 -dən çox üzvü var.
Təşkilata üzv olmaq beynəlxalq həmkarları ilə güclü əlaqələrin qurulması; beynəlmiləlləşmə və qarşılıqlı öyrənmə öhdəliyini bölüşən həmfikir insanlarla görüşlər; müəyyən sahələrdə tərəfdaşların axtarışı və şəbəkələşmənin asanlaşdırılması; Cumulus proqramlarının strateji istiqamətlərində bilavasitə iştirak etmək və ona təsir etmək; professor-müəllim heyətinin, əməkdaşların və tələbələrin konfranslarda, qlobal tələbə yarışmalarında, işçi qruplarda və ya xüsusi təşəbbüslərdə iştirakı; müəllimlərin nəşrləri üçün platformanın zənginləşdirilməsi; bütün dünyada öyrədilən, tədqiq və tətbiq edilən sənət fənləri haqqında yeni ideyalarla tanış olmaq kimi imkanları yaradır.