Naxçıvan Dövlət Universitetinin (NDU) ev sahibliyi etdiyi I Beynəlxalq Tibbi Forumda baş sponsor “Nəqşicahan Holdinq” və digər yerli şirkətlərin fəaliyyəti qiymətləndirilib.
Bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə NDU-da keçirilən tibbi forum öz əhəmiyyəti və gələcək perspektivləri ilə nəinki ali məktəb üçün, ümumən muxtar respublikanın səhiyyə sistemi və digər sahələrə müsbət təsiri ilə yadda qalıb. Rektor bildirib ki, təşkilatı baxımından da öz unikallığı ilə seçilən forum muxtar respublikaya səfər edən xarici qonaqların yüksək rəğbətinə səbəb olub. Həmçinin diqqətə çatdırılıb ki, belə mötəbər foruma ev sahibliyi etmək NDU-da müasir tibb təhsilinin də yüksək səviyyədə olduğunun göstəricisi hesab oluna bilər.
E.İsayev forumun möhtəşəm təşkilində baş sponsorlar- Türkiyədən Memorial xəstəxanalar qrupu, “Nəqşicahan Holdinq”, digər xarici və yerli şirkətlərin də xüsusi rolu olduğunu qeyd edib. Rektor forumda sponsorların yüksək səviyyədə iştirakını müsbət qiymətləndirib və yerli şirkətlər uğurlu təşkilatçılığa görə sertifikatla təltif edilib.