Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 2016-cı ildən BMT Baş Assambleyası tərəfindən təqvimə salınmış Asteroid Gününə həsr olunan  “Kosmos yay düşərgəsi” təşkil edilib. Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Astronomiya təşkilatı, Həvəskar Astronomlar Cəmiyyəti və digərlərinin birgə təşkilatçılığı ilə keçirilən düşərgəyə 60-a yaxın gənc qatılıb.

 

Təşəbbüsün məqsədi elmin təbliği, kosmologiya və astronomiya sevərlərlə ulduzlu səma altında maraqlı elmi müzakirələr edərək iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi olub.

 

Düşərgə iştirakçılarını ŞAR-ın  Qalaktikalar  və  ulduz əmələgəlmə prosesləri şöbəsinin elmi işçisi  Səbahəddin Alışov qarşılayaraq, onları Rəsədxananın muzeyi ilə tanış edib və muzeydəki eksponatlar haqqında ətraflı məlumat verib.

 

Muzeylə tanışlıqdan sonra iştirakçılar müəyyən edilmiş düşərgə ərazisinə aparılaraq onlar üçün nəzərdə tutulmuş çadırlarda yerləşdirilib.

 

Sonra düşərgənin proqramına uyğun olaraq iştirakçılara “Melodysheep” elmi kanalının dəstəyi ilə tərcümə olunaraq səsləndirilən “Sürətləndirilmiş gələcək: Kainatın sonuna səyahət” filmi nümayiş olunub.

 

Daha sonra isə ŞAR-ın konfrans zalında elmi müzakirələr mərhələsinə start verilib. Bu mərhələdə Rəsədxananın Qalaktikalar  və  ulduz əmələgəlmə prosesləri şöbəsinin böyük elmi işçisi Bahadır Abdullayev kosmologiya və astronomiyanın bir sıra aktual məsələləri -  Böyük partlayış, Kainatın quruluşu, Qara dəliklər, Ekzoplanetlər və s. haqqında məruzə ilə çıxış edib. Böyük marağa səbəb olan məruzənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Elmi sessiyanın ardınca kamp ərazisinə qayıdan düşərgə iştirakçıları üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib. Tonqalın ətrafında canlı musiqi dinlənilib, elmi diskussiya aparılıb. Düşərgə iştirakçıları bir sıra yarışlara cəlb olunub və qaliblərə “Parlaq imzalar” nəşriyyatı tərəfindən Stiven Houkin 3 ədəd ‘Zamanın daha qısa tarixi” kitabı hədiyyə edilib.