Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin növbəti elmi seminarı keçirilib. Seminarda Türkiyənin Uşak Universitetinin rektoru, professor Ekrem Savaş “Bəzi yeni ardıcıllıqlar fəzası” mövzusunda məruzə edib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Ekrem Savaşın Türk dünyasının önəmli riyaziyyatçılarından biri olduğunu, dünyanın qabaqcıl elmi jurnallarında çox sayda elmi məqalələrinin çap edildiyini vurğulayıb.
Tədbirin moderatoru, professor Arif Səlimov Ekrem Savaşın elmi fəaliyyəti haqqında daha ətraflı məlumat verərək bildirib ki, o, 2010-cu ildən Türkiyə Elm və Texnologiya Komitəsinin (TÜBİTAK) Elmi araşdırmalara dəstək proqramları İdarə Heyətinin, 2012-ci ildən Türkiyə Elmlər Akademiyasının həqiqi üzvüdür. Ekrem Savaşın “Web of Science”da çap olunmuş məqalələrinin sayı 266, həmin məqalələrə istinadların sayı 1964, H-indeksi isə 37-dir.
Ekrem Savaş rektoru olduğu Uşak Universiteti haqqında məlumat verib, bildirib ki, universitetin 14 fakültəsində 26 mindən çox, o cümlədən 55 xarici ölkədən tələbə təhsil alır.
E.Savaş təbiətşünaslığın bir çox sahələrində gedən proseslərin riyazi modelləşdirilməsi zamanı yeni fəzaların qurulmasına ehtiyac yarandığından, bəzi yeni ardıcıllıqlar fəzasının qurulması və strukturundan bəhs edib. Onun sözlərinə görə, yeni fəzalarda ardıcıllıqların statistik yığılması iqtisadiyyatda da mühüm əhəmiyyət kəsb edir.
Sonra qonaq seminar iştirakçılarının suallarını cavablandırıb.
Seminarın sonunda BDU-nun rektoru Elçin Babayev Ekrem Savaşa elmi məruzəyə görə öz təşəkkürünü bildirib və universitetin adından ona hədiyyə təqdim edib.