İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) Məzun Günü keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev universitetin 103 illik zəngin tarixinə toxunub. Qeyd edib ki, BDU bundan sonra da ölkəmizin yüksələn xətlə inkişafına dəyərli töhfələr verəcək.
Rektor çıxışının sonunda məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra tələbələrin ifasında BDU-nun himni səsləndirilib.
Məzunları təbrik edən təhsil naziri Emin Əmrullayev bildirib ki, BDU Azərbaycan təhsil tarixinin ən vacib flaqmanıdır. BDU yalnız burda oxuyanların deyil, hər bir azərbaycanlının universitetidir. Çünki Azərbaycanın ali təhsil tarixi məhz bu universitetlə başlayır.
Nazir çıxışının sonunda məzunları təbrik edib, onlara Azərbaycana layiqli vətəndaş olmağı arzu edib.
Gənclər və idman naziri Fərid Qayıbov da öz növbəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib.
Çıxış edən BDU-nun Himayəçilər Şurasının üzvü, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Vətən Müharibəsi dövründə 1-ci korpusun qərargah rəisi, “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Suqovuşanın”, “Ağdamın azad edilməsinə görə” medalları ilə təltif edilən, ehtiyatda olan polkovnik Məhərrəm Həmidov, Milli Məclisin və BDU-nun İctimai Nəzarət Şurasının üzvü Əminə Ağazadə, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Avropa çempionu olan milli mini-futbol komandamızın kapitanı, Tarix fakültəsinin builki məzunu Ceyla Həsənzadənin atası Ramin Həsənov məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.
Daha sonra BDU haqqında videoçarx nümayiş etdirilib.
Sonra xüsusi fəallığı ilə seçilən 33 məzuna sertifikat və hədiyyələr təqdim edilib.
Tədbir konsert proqramı ilə davam etdirilib.