Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunan “Rəngli perimetr” uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Azərbaycan Hərbi Texniki Muzeyində təşkil olunan tədbirin iştirakçıları öncə Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra məlumat verilib ki, yeniyetmə rəssamlar tərəfindən müsabiqəyə 200-dək rəsm əsəri təqdim olunub. Mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı ilə seçilən 44 rəsm əsəri sərgiyə vəsiqə qazanıb. Uşaq və yeniyetmələrin kağız, kətan üzərində rəngli boyalarla çəkdikləri rəsmlərin mövzusu azad olunmuş Vətən torpağı, doğma yurd yerlərimiz, rəşadətli Azərbaycan Ordusu, qədim Şuşa və azad Qarabağdır. Münsiflər heyətinin qərarına əsasən, I yerə Turan İbrahimli və Ayla Əziz, II yerə Aylin Yaqublu və Riad Şıxəliyev, III yerə isə Mələk Quliyeva və Nurgül Əliyeva layiq görülüblər. Münsiflər heyəti tərəfindən seçilmiş 62 rəsm əsərinin müəlliflərinə, həmçinin müsabiqənin keçirilməsində iştirak edən fəallara Müdafiə Nazirliyinin Fəxri fərmanları, təşəkkürnamələri və hədiyyələr verilib.
Tədbirin sonunda rəsm əsərlərinə baxış keçirilib.
Sifai SƏFƏROVA