Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində Yay məktəbində iştirak edəcək Azərbaycan- Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.

 

Tələbələrə uğurlar arzulayan rektor onların ölkəmizi və universiteti şərəflə təmsil edəcəklərinə inandığını bildirib. Yay məktəbinin tələbələrə yaradacağı imkanları qeyd edən M.Babanlı onlara verilən tapşırıqları vaxtında yerinə yetirməyi, eləcə də asudə vaxtlarından səmərəli istifadəni tövsiyə edib.

 

Xatırladaq ki, UFAZ-ın 46 tələbəsi iyulun 3-dən 18-dək Fransanın Strasburq Universitetində təşkil olunan Yay məktəbində iştirak edəcək. Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, həmçinin universitetin elmi laboratoriyalarında dərslər daxildir. Proqramın mədəniyyət hissəsində isə məşhur abidələrə və beynəlxalq təşkilatlara ekskursiyalar nəzərdə tutulub. 

 

Qeyd edək ki, Yay məktəbində iştirak edən tələbələr akademik göstəricilərinə görə seçiliblər.