Naxçıvan Dövlət Universitetinin kollektivi “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyində olublar.
Muzey bələdçisi Sabirə Novruzova məlumat verib ki, Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 1998-ci ildən fəaliyyət göstərən muzey 2010-cu ildən yeni binada işini davam etdirir və 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı hal-hazırda 3000-ə yaxındır.
Xalçaçılıq sənətinin təbliği, yaşadılması və tədqiqi sahəsində mühüm işlər görən muzeyin daimi ekspozisiyası içərisindəki çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, torba, mis və saxsı qablar, digər eskponatlar haqqında muzey ziyarətçilərinə məlumat verilib. 400-ə yaxın ekponatın nümayiş olunduğu ekspozisiya zalında muzeyin ən dəyərli eksponatlarından olan, ulu öndər Heydər Əliyevə həsr edilən xalça ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Bələdçinin sözlərinə görə, ekspozisiya zalındakı ən qədim xalça nümunəsi 1800-cü illərə, ən yeni xalça isə 2013-cü ilə aiddir.
Sonda universitetin rektoru Elbrus İsayev qeyd edib ki, bu cür tədbirlər və ziyarətlər mədəni irsin, milli dəyərlərin qorunması və təbliğində, eyni zamanda tarixin, mədəniyyətin hərtərəfli öyrənilməsi və təbliğində böyük əhəmiyyətə malikdir.