Qlobal Ekologiya Fondu, Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi (AgroBio)” layihəsi çərçivəsində beynəlxalq və yerli ekspertlərin Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfəri təşkil olunub.
Səfərin məqsədi layihə çərçivəsində ADAU-da yaradılan təlim mərkəzi, eləcə də universitetdə aqrobiomüxtəlifliklə bağlı həyata keçirilən işlərlə tanışlıq, həmçinin layihə çərçivəsində hazırlanmış fənn proqramını universitet rəhbərliyinə təqdim etmək olub.
Aqrobiomüxtəliflik üzrə beynəlxalq ekspert Francis Hurst, layihə rəhbəri Fərid Abbasov və digər ekspertlərə Taxıl və paxlalı bitkilər laboratoriyasının təcrübə sahələrində aparılan aktual elmi-tədqiqat işləri barədə məlumat verilib. Bildirilib ki, burada hədəf respublikanın müxtəlif torpaq iqlim şəraiti üçün məhsuldar, yüksək keyfiyyətli, biotik və abiotik amillərə qarşı davamlı sortların yaradılması, taxıl bitkilərinin rayonlaşdırılmış və perspektivli sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla təşkili, bioloji cəhətdən təmiz toxumların istehsalı texnologiyasının təkmilləşdirilməsi və onun iqtisadi səmərəliliyinin araşdırılması, toxum təhlükəsizliyi mexanizminin təmin edilməsi metodunun işlənməsi, yeni yaradılmış məhsuldar sortların fermer təsərrüfatlarına sürətlə tətbiq olunmasına nail olmaqdır.
Universitetin Biotexnologiya mərkəzi ilə də tanış olan ekspertlərə burada görülən işlər haqqında məlumat verilib. Gələcəkdə qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlinib.