Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba və Şamaxı filiallarında Təhsil Nazirliyi, ADPU və ADPU STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiqi” adlı qrant layihəsi çərçivəsində “Ümumtəhsil müəssisələrində STEAM fənninin təkmilləşdirilməsi” istiqaməti üzrə təlimlər keçirilib.
Təlimləri ADPU-nun STEAM Mərkəzinin əməkdaşları - dosent Sevinc Cəlilova, dosent Qalib Şərifov, baş müəllim Gülşən Musayeva, Cavid Tapdıqlı, Lalə Mansurova, Aysel Fərəcova və Xumarə Qəhrəmanlı aparıb.
Təlimlər nəzəri və praktik hissədən ibarət olmaqla, STEAM fənninin pedaqoji və metodoloji aspektləri, müxtəlif STEAM metodologiyaları, STEAM fənni üzrə 5E və 7E dərs modelləri, STEAM fənni üzrə qiymətləndirmə meyarları, 3D modelləşdirmə və dizayn proqramları, 3D printer və 3D qələmdən istifadə texnologiyası, mikrobit vasitəsilə layihələrin hazırlanması istiqamətləri üzrə təşkil edilib.
Təlim iştirakçıları praktik olaraq 3D qələmdən, 3D printerdən və mikrobitdən istifadə ilə bağlı bilik və bacarıqlara yiyələniblər.
ADPU-nun STEAM Mərkəzinin rəhbəri dosent Arzu Daşdəmirov təlim iştirakçılarının suallarını cavablandırıb, irad və təkliflər dinlənilib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.