“Biz yeni bilik və təcrübə əldə edirik”


Bir çox təhsil müəssisələrində “Rəqəmsal bacarıqlar” və “STEAM” layihələrinin fəaliyyət göstərməsi şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını, eyni zamanda, analitik düşüncə tərzini, kodlaşdırılma, alqoritmik təfəkkürünü inkişaf etdirir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə ümumi təhsil müəssisələrində şagirdlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün “Yay məktəbi” təşkil olunub. Məlumdur ki, pandemiya dönəmində son tədris prosesində müəyyən fasilələr yaranıb. Yaranan fasilələrin nəticələrinin aradan qaldırılması təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə ümumi təhsil müəssisələrində iyun ayının 16-dan I-X sinifləri əhatə edən könüllü və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Yay məktəbi”nə start verilib və bu müddət 30 iyun tarixinədək davam edəcək. Tədris zamanı şagirdlər ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər yaradıcı, öyrədici fəaliyyətlərlə təmin olunur.

 

“Yay məktəbi”nin şagirdlərə təsiri, onların düşüncə və davranışlarına, yeni məlumatlar, təcrübə əldə etmək baxımından qazandırdığı üstünlük və özəllikləri məktəblilərin dilindən də eşidək:

 

Şabran rayonu S.Musayev adına Uzunboyad kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Gülay Rzayeva:

-Hazırda yay məktəbində iştirak edirəm. Həmçinin, qardaşım da yay məktəbinə gəlir. Təhsil Nazirliyi yay məktəbini artıq 2-ci ildir ki, təşkil edir. Bu, bizim üçün çox yaxşıdır. Zəif mənimsədiyimiz  dərsləri daha yaxşı öyrənməyə, bilmədiyimiz dərsləri də müəllimlərimizdən soruşub öyrənməyə şərait yaranır. Biz yay məktəbində Azərbaycan dili, riyaziyyat, xarici dil, tarix və digər fənlərdən dərslər keçirik. Havanın isti olmasına baxmayaraq,  sevə-sevə yay məktəbində iştirak edirik, dərslərimiz gözlədiyimizdən də maraqlıdır. Bəzən açıq havada da müəllimlərimiz dərslər təşkil edir. Fasilələr zamanı məntiqi oyunlar oynayırıq.

 

Uzunboyad kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Əli İsmayılov:

-Yay məktəbi”ndə iştirak etməyimdə əsas məqsədim bilmədiklərimi müəllimlərimdən soruşub öyrənmək, il ərzində öyrəndiklərimi təkrar etmək, yaddan çıxarmamaqdır. Biz müəllimlərimizin təşəbbüsü ilə ekskursiyaya gedirik, tarixi muzeylərə baş çəkirik. Bəzən əyləncəli oyunlar oynayırıq. Mən çox həvəslə burda iştirak edirəm. Həm də bu şərait məktəb üçün darıxmamağıma da imkan verir.  

 

Uzunboyad kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Nuray Əliyeva:

-2 ildir ki, “Yay məktəbi”nə qoşuluram. Burada iştirak etməyimdə əsas hədəfim keçdiyimiz dərsləri yadıma salmağım, yeni biliklər öyrənməyimdir. Biz müxtəlif fənlər üzrə dərslər keçirik, müzakirələr aparırıq, hər günümüz olduqca maraqlı keçir. Müəllimlərimiz tərəfindən təşkil olunan yarış oyunları bizim fəaliyyətimizi daha da artırır. Açıq havada olan dərslərimiz bizə daha əyləncəli gəlir. Dərslərimizin yarış formasında keçirilməsi bizi ruhlandırır, qrup halında işləmə bacarıqlarımızı artırır. Müsabiqə ərzində kim daha çox suallara cavab versə, sonda həmin şagird sinif tərəfindən mükafatlandırılır. Çox sevinirəm ki, belə bir şərait bizim üçün yaradılıb.

 

Göyçay rayonu Qafur Səmədov adına Mallı Şıxlı kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Pəri İsmayılzadə:

-Yay məktəbinin daimi iştirakçısıyam. Bir çox məktəblərdə olduğu kimi, bizim məktəbdə də “Yay məktəbi” ənənə halını alıb. Müəllimlərimiz bizə mövzuları daha yaxşı qavramamız üçün maraqlı bir mühit hazırlayır.  İnanıram ki, “Yay məktəbi” pandemiya dövründə bizim itirilmiş zamanımızı bərpa etmək üçün əla bir fürsət olacaqdır. Bizə bu şəraiti yaratdıqları üçün Təhsil Nazirliyinə və müəllimlərimə təşəkkürümü bildirirəm. İnanıram ki, bu 2 həftəni səmərəli keçirəcəyik.

 

Saatlı rayonu V.Əsgərov adına 4 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Lalə İsmayılzadə:

Biz “Yay məktəbi”ndə çoxlu yeni bilik və təcrübə əldə edirik. Dərslər bitdikdən sonra məktəbdə belə bir proqramda iştirak etmək könüllü olduğunu deyəndə əvvəl qoşulmaq istəmədim. Düşündüm ki, qoşulmaq əvəzinə, evdə kompüter önündə çoxlu video oyunları oynayaram (gülür). Amma sonra fikrimdən daşındım və mən də “Yay məktəbi”nə qoşuldum. Özümü çox xoşbəxt hiss edirəm ki, burdayam. Bizim dərslər olduqca maraqlı və əyləncəlidir. Biz sinif kollektivi olaraq, fərqli formalarda yeniliklər etməyi xoşlayırıq. Bu yaxınlarda biz fizika və STEAM üzrə müəllimimiz Eltac Əhədovun təşəbbüsü ilə Sabirabad STEAM Mərkəzində olduq. Orada dron, art və digər otaqları gəzdik, yeniliklərlə tanış olduq. Müşahidə zamanı bu innovasiyalar barəsində çoxlu yeni biliklər əldə etdik.

 

Göründüyü kimi, “Yay məktəbi”nin şagirdlərə qazandırdığı gözəl təcrübələr var. Hər bir məktəbli onlara verilən bu şansdan istifadə etməyi bacarmalıdır. Bununla onlar mütəmadi dərslərə qoşularaq nailiyyətlərini artırma şansı əldə edirlər. Təbii ki, bu istiqamətdə müəllimlərin də təşəbbüsləri öz sözünü deyir. Onların şagirdlər üçün yaratdıqları mühitin nəticəsidir ki, artıq 2 ildir fəaliyyət göstərən “Yay məktəbi” proqramına şagirdlər yüksək ruh yüksəkliyi ilə qoşulur, bilik və təcrübələrini artırırlar.

 

Tünzalə QULİYEVA