Naxçıvan Dövlət Universiteti (NDU) ilə Ərzurum Atatürk Universiteti Xəstəxanası arasında birgə əməkdaşlığa dair müzakirələr aparılıb.

 

I Beynəlxalq Tibbi Forum çərçivəsində keçirilən ikitərəfli görüşdə NDU-nun rektoru Elbrus İsayev Ərzurum Atatürk Universitetinin nümayəndə heyətinə artıq 23 ildir universitetdə fəaliyyət göstərən tibb fakültəsi və mövcud ixtisaslar haqda məlumat verib. Bildirilib ki, tələbələr təcrübi dərslərini fakültədə yaradılan laboratoriyaların hesabına keçməklə bərabər, universitet xəstəxanasının bazasından da istifadə edirlər:”Xəstəxanada professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı mövcuddur. Burada çalışan həkimlər və tibb işçiləri peşəkar tibbi kadrların hazırlanmasına öz töhfələrini verməklə yanaşı, insanların sağlamlığının qeydinə də qalırlar”.

 

Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanasının   baş həkimi, professor Fuat Gündoğdu qeyd edib ki, xəstəxana Qars, Iğdır, Ağrı, Ardahan, Ərzincan, Bayburt, Artvin, Gümüşhane, Muş, Bingöl və Van kimi bölgə üzrə 12 əyalətdə 4,5 milyon insana sağlamlıq xidməti göstərir. Bundan əlavə,  Sağlamlıq Elmləri Fakültəsi və Sağlamlıq Peşə Məktəbinin tələbələri, Tibb Fakültəsinin İxtisas tələbələrinin  təlim və təcrübələrinə də ev sahibliyi edir.

 

Tədbirdə Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanasının tanıtım videoçarxı nümayiş olunub.

 

Qeyd edək ki, xəstəxanada 2648 kadr çalışır ki, onlardan 576 nəfəri akademik, 237 nəfəri müəllim və ekspert, 339 nəfəri isə assistentdir. Xəstəxanada qabaqcıl xidmət mərkəzləri, həmçinin daxili və cərrahi bölmələr var. Orqan Transplantasiyası, Sümük İliyi Transplantasiyası, Genetik Xəstəliklərin Diaqnozu, Ambulator Kimyaterapiya, Yanıq, Daşqırma, Alternativ Tibb və Sualtı və Hiperbarik Müalicə Mərkəzləri, həmçinin müasir tibbi avadanlıqlarla təchiz olunan 27 əməliyyat otağı fəaliyyət göstərir.

 

Daha sonra Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanası həkimlərinin müxtəlif mövzularda çıxışları dinlənilib.

 

Sonda müzakirələr aparılıb, NDU müəllimlərinin təklifləri dəyərləndirilib.