Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində 7-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresi (7th International EMI Entrepreneurship & Social Sciences Congress) keçirilib. Tədbir TEAM Universitetinin ev sahibliyi ilə hibrid formatda təşkil olunub. Sahibkarlar, alimlər, doktorantlar, incəsənət xadimləri, QHT, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən konqresin məqsədi insan, sosial və mədəni kapitalın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək olub.
Beynəlxalq konqresdə 30 ölkə üzrə 138 fərqli qurum və universitetdən 276 alim məruzələrini təqdim ediblər. Ölkəmizi beynəlxalq tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, dosent Yusif Alıyev, filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, gənc alim Sərxan Cəfərov, AMEA-nın Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, dosent Zaur İmrani və Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Milana Abbasova təmsil ediblər.
Qeyd edək ki, Quba filialı tədbirin əsas tərəfdaşlarından biri olub.
Konqresin plenar iclasında məruzə ilə çıxış edən filialın direktoru Y.Alıyev tədbirin önəmindən, Türk dünyası ilə mədəni və iqtisadi əlaqələrin qurulmasına yardımçı olmağın vacibliyindən danışaraq, əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Sonra konqresin təşkilatçılarına və TEAM Universitetinin həmtəsisçilərinə nümayəndə heyəti adından hədiyyələr təqdim edilib.
Beynəlxalq tədbir işini bölmələr üzrə filialın əməkdaşı Sərxan Cəfərovun moderatorluğu ilə davam etdirib.