İyunun 23-də UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransının açılış mərasimi olub.

 

Açılışdan öncə konfrans iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoyublar və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC rektoru Ədalət Muradov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, alim və tədqiqatçılar iştirak ediblər.

 

Konfransın açılışında çıxış edən rektor Ədalət Muradov iştirakçıları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. 

 

Hər il keçirilən və dünyanın müxtəlif ölkələrinin tədqiqatçılarını bir platformada toplayan konfransa marağın ildən-ilə artdığının sevindirici olduğunu deyən rektor, dünyanın 112 ölkəsindən tədqiqatçının konfransa qatıldığını bildirib. Qeyd olunub ki, 27 ölkədən təqdim olunan 613 tədqiqat işindən 270-i konfransda məruzə olunmaq üçün qəbul edilib. Konfrans çərçivəsində işğaldan azad olunan bölgələrin iqtisadi potensialı ilə bağlı seçilmiş tədqiqat işlərindən ibarət “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu” və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının qiymətləndirilməsi” adlı 3 kitab nəşr olunub.

 

Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkənin iqtisadi inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, elm və təhsilin inkişafı istiqamətində qəbul edilən dövlət proqramlarından söz açıb. Dünya iqtisadiyyatının və elminin qarşısında duran vəzifələrə toxunan nazir müavini alternativ enerji ehtiyatları, yaşıl iqtisadiyyatın inkişafının vacibliyinə diqqət çəkərək, bu istiqamətdə ali təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Firudin Qurbanov konfransa təqdim olunan məqalələrin və konfransın müzakirə mövzularının ölkəmizin, eləcə də dünyanın gələcək inkişafına töhfələr verəcəyindən əminliyini ifadə edib.

 

Paşa Holdinq şirkətlər qrupunun baş iqtisadçısı Elman Eminov əmək bazarında baş verən dəyişikliklər və ali təhsil müəssisələrinin bu istiqamətdə rolundan danışıb. 

 

Konfrans Təhsil, Elm, İnnovasiya və Sahibkarlıq mövzusunda yerli və xarici mütəxəssislərin panel çıxışları ilə davam edib.

 

Çıxışlardan sonra konfransın əsas iştirakçılarına təşəkkür plaketləri təqdim olunub.

 

Konfransın ikinci hissəsində “Dairəvi iqtisadiyyat və yaşıl artımın maliyyələşdirilməsi” mövzusunda panel müzakirələr aparılıb.

 

Konfrans çərçivəsində “Qarabağ Azərbaycandır” adlı UNEC tələbələrinin əl işlərindən ibarət sərgini, eləcə də UNEC tələbələrin canlı heykəltəraşlıq nümunəsini iştirakçılar maraqla izləyiblər.

 

İyunun 26-dək davam edəcək konfransda dünyanın müxtəlif ölkəsindən olan 50-ə yaxın mütəxəssisin, dövlət, özəl sektor və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 12 “workshop” təşkil olunacaq.

 

“Workshop”larda universitet-sənaye iş birliyi, biznes idarəçiliyində agile yanaşma, metavers və təhsil, tələbə sahibkarlığı, ali təhsildə rəqəmsal bacarıqlar, enerji amili və davamlı iqtisadi inkişaf, pandemiyanın sosial iqtisadi təsirləri, innovasiya ekosistemi və universitetlər, süni intellekt və iqtisadiyyatda təsirləri, davranış iqtisadiyyatı, səhiyyə menecmenti və rəqəmsal iqtisadiyyat mövzularında maraqlı müzakirələr keçiriləcək.