Naxçıvan Dövlət Universitetində “II Çağdaş Azərbaycan dilinin aktual problemləri” adlı Respublika elmi konfransı keçirilib.

 

Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov konfransın mahiyyəti barədə məlumat verib. Qeyd olunub ki, 13 elm-təhsil müəsissəsi əməkdaşlarının iştirak etdiyi konfransın əsas mahiyyəti ana dilinin saflığının qorunması və dildə yaranan bəzi qüsurların dilçi alimlər tərəfindən müzakirə edilməsidir.

 

Universitetin rektoru Elbrus İsayev ötən il keçirilən birincisi konfransın bu il genişləndirilmiş tərkibdə davamını təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Möhsün Nağısoylu Azərbaycan dili orfoqrafiya və orfoepiyasının bəzi problemlərindən bəhs edib. Professor alınma sözlər, Azərbaycan dilini digər dillərdən fərqləndirən əsas cəhətlərdən biri olan ahəng qanunu və orfoqrafik, orfoepik qaydalar barədə məlumat verib. Professor lüğətlərin hazırlanmasında yol verilən səhvlər və diqqət edilməsi gərəkən məqamlara aydınlıq gətirib. Diqqətə çatdırılıb ki, tarix boyu yad təsirlərlə təhrif olunmağa cəhd göstərilən Azərbaycan dilinin zənginliyini hər bir vətəndaş anlamalı və onu qorumalıdır.

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbülfəz Quliyev “Müstəqillik illərində Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri və qarşıda duran vəzifələr” mövzusunda çıxış edərək söyləyib ki, dilin formalaşmasında dialekt sözlər və şivələrin xüsusi rolu var. Professor dilçi alimlərin daim maraq dairəsini əhatə edən bu mövzu barədə nəşr olunan kitablar haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

 

Sonra konfrans 4 bölmə iclası ilə işini davam etdirib.