Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə Mərkəzi Bank əməkdaşlarının keçirdiyi “Maliyə savadlılığı” mövzusundakı təlimlərdə fəal iştirak edən professor-müəllim, doktorant, magistr və tələbələrə sertifikatlar təqdim olunub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitet və istehsalat müəssisələrinin birgə əməkdaşlığının tələbələr üçün böyük əhəmiyyətinə toxunaraq bildirib ki, doktorant, magistr və tələbələrin, eləcə də gənc müəllimlərin ölkənin aparıcı qurumlarının mütəxəssisləri tərəfindən təşkil olunan seminar, treninqlərə qatılması, yeni bilik və vərdişlərə yiyələnməsi təqdirəlayiq haldır.
Rektor tələbələr və gənc müəllimlərin sertifikat proqramlarında aktivlik göstərməsini yüksək qiymətləndirib, belə təlimlərin təşkilində göstərdiyi dəstəyə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürünü bildirib.
Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov Mərkəzi Bankla AzMİU arasında əlaqələrin genişlənməsindən, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Keçirilən təlimlərin əhəmiyyətini vurğulayan professor qeyd edib ki, təlimlərin əsas məqsədi gənclərin fərdi və karyera inkişafına dəstək göstərmək, əmək bazarının tələblərinə uyğun şəxsi inkişafa dəstək verməkdir.
Mərkəzi Bankın İstehlakçılarla iş Departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov da təlimlərin tələbələr üçün böyük əhəmiyyətindən danışıb, onların fəallığına toxunub.
Sonda rektor G.Məmmədova, Mərkəzi Bankın əməkdaşı Vüsal Həsənov təlimlərdə müvəffəqiyyətlə iştirak edən tələbə və gənc müəllimlərə sertifikatlar təqdim ediblər.